Azərbaycan və Belçika XİN başçıları Zəngəzur dəhlizi məsələsini müzakirə edib

18:17 | 24.08.2023
Azərbaycan və Belçika XİN başçıları Zəngəzur dəhlizi məsələsini müzakirə edib

Azərbaycan və Belçika XİN başçıları Zəngəzur dəhlizi məsələsini müzakirə edib

Belçikanın xarici işlər naziri Hadja Lahbiblə görüşdə Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə etdik. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda H.Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar.

Ceyhun Bayramov Zəngəzur dəhlizinin də Şərq-Qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.

"Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyaların açılmasının Ermənistanın öhdəliyi olduğunu diqqətə çatdırdım. Delimitasiya barədə həmkarıma məlumat verdim. Bildirdim ki, ötən 30 il ərzində delimitasiya imkanları mövcud deyildi və bunun mövcud olmama səbəbi Ermənistanın işğal siyasəti idi. Azərbaycan torpaqları işğaldan azad olunandan sonra bu məsələyə start vermək mümkün olub və bu istiqamətdə mühüm addımlar atılıb", - nazir vurğulayıb.

Ceyhun Bayramov söyləyib ki, görüş zamanı Azərbaycanla Belçika arasında ikitərəfli münasibətlər, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirin sözlərinə görə, Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir. 
 
"2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 80 milyon dollar olub. Belçika Azərbaycana 120, Azərbaycan isə Belçikaya 250 milyon dollar investisiya qoyub", nazir deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM