Azərbaycanda altı məşqçi cəzalandırıldı

16:32 | 25.04.2018
Azərbaycanda altı məşqçi cəzalandırıldı

Azərbaycanda altı məşqçi cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Anews.az xəbər verir ki, bu iclasda daha çox məşqçilərin cəzalandırılması diqqətdən qaçmayıb.

Həmin qərarlardan diqqət çəkənlərini təqdim edirik:

Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunu olan "Neftçi” – "Qəbələ” matçında "Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.

Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunu olan "Sumqayıt” – "Keşlə” matçının 72-ci dəqiqəsində "Keşlə”nin baş məşqçisi Yuri Maksimov aqressiv davranışa görə texniki zonadan  kənarlaşdırıldığı üçün dörd oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
 
Premyer Liqanın XXIV turunun "Sumqayıt” – "Qarabağ” matçı başa çatdıqdan sonra "Sumqayıt”ın baş məşqçisi Samir Abbasov, məşqçisi Seymur Rəhimov və rəsmi şəxsi Elnur İbişov hakimə qarşı emosional tərzdə etiraz etdiklərinə görə xəbərdarlıq olunublar. Bu hal yenidən təkrarlanacağı təqdirdə şəxslər cəzalanacaq.

Premyer Liqanın XXIV turunun "Keşlə” – "Zirə” matçının 45-ci dəqiqəsində "Keşlə”nin futbolçusu Orxan Sadıqlı qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanmışdı. Lakin oyunun videoyazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun videoyazısını izlədikdən sonra İntizam Komitəsi həmin sarı vərəqəni ləğv edib.

Premyer Liqanın XXIV turunun "Neftçi” – "Qəbələ” matçının 63-cü dəqiqəsində "Neftçi”nin futbolçusu Emin Mahmudov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalanmışdı. Lakin oyunun videoyazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub.

Oyunun videoyazısını izlədikdən sonra İntizam Komitəsi göstərilmiş ikinci sarı vərəqəni ləğv edib. Bundan başqa, "Neftçi”nin dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Regional Liqanın "Kürmük” – "Oğuz” matçının 63-cü dəqiqəsində "Oğuz” komandası meydanı özbaşına tərk etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının "Mançester Yunayted” – "Keşlə” matçının 60-cı dəqiqəsində "Keşlə”nin futbolçuları – Kamran Məlikov, Hüseyn Quliyev, Naik Paşayev və "Mançester Yunayted”in futbolçuları – Tural Mirsultanov, Nicat Quliyev kütəvi dava-dalaşda iştirak etdiklərinə görə hər bir futbolçu üç oyun cəzalanıb.

U-14 Liqasının "Neftçi” İK İB – UGİM (Astara) matçının 59-cu dəqiqəsində "Neftçi” İK İB-nin məşqçisi Fəxrəddin Mürvətov hakimin qərarına kəskin etiraz, hakimi təhqir və hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 10 oyun cəza alıb.

U-13 Liqasının "Masallı” – UGİM (Astara) matçında UGİM-in məşqçisi Qəhrəman Mirzəyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb.

U-12 Liqasının "Vətən” – "Səbail” matçında "Səbail”in məşqçisi Fərid Namazov hakimi təhqir etdiyinə görə texniki zonadan  kənarlaşdırıldığı üçün üç oyunluq cəzalandırılıb.
 
U-12 Liqasının "Vətən” – "Leon” matçında "Vətən” klubunun məşqçisi Samir Abdulrəhmanov hakimi təhqir etdiyinə görə texniki zonadan  kənarlaşdırıldığı üçün üç oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Hövsan” – "Avanqard” matçının 46-ci dəqiqəsində "Avanqard”ın məşqçisi Vahid Həşimov hakimi təhqir etdiyinə görə texniki zonadan  kənarlaşdırıldığı üçün beş oyun cəzalanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM