“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA

11:10 | 07.05.2015
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA

“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA

Valideyn üçün ən ağrılı hadisə övladının hansısa xəstəliklə dünya gəlməsidir. Çünki həyatda övlad kimi valideynə əziz olan heç nə yoxdur. Bütün ata-analar həmişə usaqlarının dünyaya sağlam gəlməsini və sağlam yaşamasını arzu edir.
  
Elə olur ki, uzun həsrətdən sonra cütlüklər uşaq sahibi olurlar və bu zaman övladlarının hansısa xəstəliklə dünyaya göz açması onlar üçün böyük dərdə çevrilir. Qeyd edək ki, ana bətnində yaranan və uşaq doğulduqdan uzun müddət sonra üzə çıxan xəstəliklərdən biri autizmdir.
 
"Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri Çiçək Məmmədli ANN. Az-a açıqlamasında bildirib ki, bu xəstəliyin dəqiq yaranma səbəbini söyləmək çətindir: "Autizmdən danışanda mütəxəssislər əsasən bu ehtimalları səsləndirirlər:
 
1) Genetik, yəni irsi olaraq keçmə; Autizmin irsi faktorlar səbəbindən ortaya çıxması təsdiqini tapmış bir yanaşmadır.Alimlərin fikrincə, autizm qarışıq gen xəstəliyidir.Ən azı 5 gen autizmin yaranmasına cavabdehdir.
 
2) Yeni doğulan zaman və uzun müddət uşaqlara vurulan peyvəndlərin tərkibindəki ağır metalların orqanizmdən xaric ola bilməməsi nəticəsində beyin hüceyrələrinə təsiri, hətta beyin hüceyrələrinin məhv olması;
 
3) Həddindən artıq çirkli hava şəraiti; son illərdə ətraf mühitdəki mənfi dəyişikliklər, toksinlər və ağır metallara məruz qalma, təbii olmayan qidaların qəbulu nəticəsində autizm epidemiyaya çevrilib -  havada olan ağır metallar normal insanlara təsir etməyə bilər, amma autizm xəstəliyindən əziyyət çəkən uşaqlara daha çox təsir edir, çünki onların orqanizmində sisteyn maddəsi olmadığına görə qlütation fermenti yaranmır, buna görə də ağır metalların orqanizmdə toplanmasına şərait yaranır. Bu zaman isə bu maddələr beyin inkişafının qarşısını alır.
  
4) Uşaq ana bətnində olarkən qadının müəyyən zərərli qidalar qəbul etməsi, oksigen çatışmazlığı , müxtəlif infeksiyalar , ananın hamilə olduğu zaman keçirdiyi stresslər və s. bunlar nəticəsində uşağın beyninin zədələnməsi, körpənin baş-beyin zədəsi ilə dünyaya gəlməsi;
  
5) Ailədə baş verən psixoloji mühit - yəni uşaq anadan olduqdan sonra valideynlərin onunla daha az maraqlanması;
 
6) Qadın hamilə olarkən onun orqanizmində maddələr mübadiləsinin pozğunluğu”.
 
 
 
Autizmlə doğulan körpələrdə digər uşaqlara nisbətən reaksiyaların olmadığını bildirən Çiçək Məmmədli bu əlamətləri vurğulayıb: "Normal uşaqlarda adi baxışlar, gözə baxması , əlinə bir əşya verəndə sıxaraq tutması, qucağa gəlmələr, uzanan zaman sərbəst çevrilmə, gülümsəmə , qığıldama və s. autizm xəstəliyindən əziyyət çəkən uşaqlarda bu hallar baş vermir. Belə uşaqlar özlərini ətraf aləmdən uzaqlaşdırırlar. Heç kimi yaxınlarına buraxmırlar. Özlərini cəmiyyətdən təcrid edirlər. Ünsiyyət çətinlikləri olduğu üçün sosial siqnalları və bədən dilini qavramaq onlar üçün çox çətindir. Autizm sindromundan əziyyət çəkən uşaqların 90 faizində nitq qabiliyyəti olmur. Sözləri hərfi mənada başa düşürlər və sətiraltı mənanı anlamaq onlar üçün çətindir. Autizmli insanlar üçün ətraf dünya insanlardan, hadisələrdən, məkanlardan ibarət və baş çıxara bilmədiyi bir xaosdur:
 
—1) Fərdin iç dünyası ilə xarici dünyası bir birinə uyğun gəlmir

—2) Autizmli insan hadisələri insanları və əşyaları öz şəxsi duyğu və düşüncəsinə görə dəyərləndirir

—3) İnsanlar, hadisələr və əşyalar arasında əlaqə yarada bilmir
  
Bu xəstəlik ana bətnində bilinməsə də sonradan, yəni doğulduqdan sonra 2-3 yaşlarında özünü biruzə verir”.
 
 
 
Ekspert onu da qeyd edib ki, körpənin doğulduğu ilk 6 ay ərzində xəstəliyin əlamətləri özünü göstərməyə bilər: "Amma sonrakı mərhələdə - ya 3, ya da 6 ay sonra xəstəlik öz inkişaf mərhələsinə başlayır. Yəni beyin yavaş-yavaş inkişafdan qalır”.
 
Ç.Məmmədli vurğulayıb ki, valideynlər uşaqlarının bu sindromdan əziyyət çəkib-çəkmədiklərini daha dəqiq öyrənmək istəyirlərsə, körpələrini ilk nevropatoloq, daha sonra isə psixiatr müayinəsindən keçirməlidirlər. Məhz bu müayinələr zamanı uşaqların psixi inkişafın necə getdiyi bəlli olur: "Bu mütəxəssislər beynin inkişafında ləngimələrin olub-olmadığını aşkar edə bilərlər. Əgər uşağın inkişafında normadan geri qalma halı müşahidə edilirsə, 6 aylığında həyəcan təbili çalınmalıdır. Valideynlər bu xəstəliyin üzərində lap tez düşməlidir və həmin uşaqla maraqlanan həkimlərdən tələb olunmalıdır ki, bizim körpəmiz normal uşaqlar kimi davrana bilmirsə, bunun səbəbi araşdırılsın. Artıq bütün dünyada 1 aylıq uşağın normal hərəkətlərini testlə müəyyən etmək qayda mövcuddur. Yalnız valideynlərin sayıqlığı və mütəxəssislərin peşəkarlığı sayəsində autizm sindromunun erkən aşkarlanması mümkündür. Bu elə bir xəstəlikdir ki, qaraciyər, böyrək və digər orqanların xəstəlikləri ilə müqayisə edilə bilməz. Onun sancısı, ağrısı və s. əlamətləri olmur. Bu xəstəlik psixoloji xəstəlikdir, onun sonradan ortaya çıxacaq fəsadları olur”. 
 
 

Autizmdən qurtuluş yolu erkən müdaxilə və peşəkar mütəxəssislər tərəfindən müntəzəm surətdə aparılan xüsusi təlimlər və ağir metalların orqanizmdən təmizlənməsi, normal psixoloji mühit və cəmiyyətlə ünsiyyətin yetərli olması və s.üsullardır.
 
Azərbaycanda autizm sindromunun erkən aşkar edə bilən xüsusi araşdırma mərkəzlərinin olmadığını bildirən mütəxəssis əlavə edib ki, ümumiyyətlə, bu xəstəliklə bağlı araşdırma aparan, maraqlanan çox az insan var: "Bu sindromu araşdıranlar da yalnız uşaqları bu sindromdan əziyyət çəkənlərdir. Ölkəmizdə vahid zonalar üzrə belə mərkəzlər yoxdur ki, bu sindromdan əziyyət çəkən uşaqlar orada pulsuz təlim ala bilsinlər. Türkiyə, Almaniya, ABŞ kimi dövlətlərdən bu mərkəzlər üçün xüsusi mütəxəssislər dəvət olunmalıdır ki, onlar daha dəqiq bu sindromla mübarizə üsullarını araşdırsınlar. Çünki gündə və yaxud həftədə 3-4 dəfə öz uşaqlarını xüsusi təlimlərə aparmaq madiyyat baxımından valideynlər üçün çox çətindir. Hətta elə valideynlər var ki, uşağı autizmdən əziyyət çəkir, buna görə ev-eşiyini satıb ki, təki övladı bu sindromdan qurtulsun”.
  
Ç.Məmmədli autizmli uşaqlara yanaşma tərzinin düzgün müəyyən olunmamasından da şikayətlənib: "Ölkəmizdə autizm sindromundan əziyyət çəkən uşaqlar yetkinlik yaşına çatanda onlara "nitqi qüsurludur”, "eşitməsi qüsurludur” deyirlər. Amma səhv edirlər, bu xəstəliyin adı autizmdir. Uşaqların bu xəstəliyinə düzgün ad vermək lazımdır. Belə etməklə biz həqiqətən də məhvə doğru gedirik”.
  
İctimai Birlik sədri Azərbaycanda təxmini 4500 yaxın uşağın autizm sindromundan əziyyət çəkdiyini bildirib: "Bu, bizim apardığımız araşdırmaların nəticəsidir. Amma diaqnoz qoyuluşunda olan problemlər , regionlardakı vəziyyət bəlkə də bu rəqəmin daha çox olmasını deyir. Hələ qeydiyyata düşməyən, rayon yerlərində yaşan və ümumiyyətlə, bu xəstəliyin nə olduğunu bilməyən yüzlərlə valideyn var. Autizm Azərbaycanda yetəri qədər yayılmağa başlayıb. Bunun üçün də təcili SOS siqnalının çalınmasının vaxtıdır”.
 
Orxan Aslanlı
ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM