Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə
alınmışdır.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim
nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti
isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin
şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən
3485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.
Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə
xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini
yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif
regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə
alınır.
İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan
özünütəcrid tədbirlərinə
uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə
minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi
karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena
qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ
Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə
biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda
xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi
təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və
Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların
evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda
və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan
edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası
təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik
simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə
zəng etmək ciddi tövsiyə olunmuşdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !