Azərbaycanda ərzaq yenə bahalaşacaq - AÇIQLAMA

17:15 | 19.08.2015
Azərbaycanda ərzaq yenə bahalaşacaq - AÇIQLAMA

Azərbaycanda ərzaq yenə bahalaşacaq - AÇIQLAMA

Avqust ayı başlayandan Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində hiss olunacaq artım müşahidə edilməkdədir. Fevralın 21-dəki devalvasiyadan sonra hökumət baş verən qiymət artımını tənzimləməyə cəhd etdi. Bəs indi nə baş verir?

İqtisadçı Natiq Cəfərli Modern.az saytına bahalaşmanın gözlənilən  və qaçılmaz olduğunu deyir:

"2015-ci ilin 21 fevral devalvasiyasından sonra hökumət inzibati yollarla, administrativ üsullarla nəzarətedici orqanların köməyi ilə qiymətləri nəzarətdə saxlamağı düşünürdü və kommersiya qurumlarına ciddi basqı edərək qiymətlərin aşağı səviyyədə saxlanmasına çalışırdı. Bunun heç bir iqtisadi əsası yox idi, yalnız inzibati yolla baş verirdi.

Verilən söz bundan ibarət idi ki, Avropa Oyunları bitdikdən sonra biznes üçün müəyyən üstünlüklər və güzəştlər tətbiq olunacaq. Həm gömrükdə, həm də vergidə müəyyən açılımlara gedilməsi düşünülürdü. Bu söz qeyri-rəsmi verilmişdi. Amma üstündən 3 ay keçməsinə baxmayaraq nə vergi, nə də gömrük orqanları tərəfindən hansısa addım atılmadı. Korrupsiya ilə bağlı ciddi dəyişiklik baş tutmadı”.

Mütəxəssisin fikrincə, biznes strukturları köhnə qayda ilə işləməyi artıq bacarmadılar: "Çünki 35 faizlik devalvasiya onların iş şəraitinə ciddi təsir edirdi. Onu da nəzərə almaq lazımdır ki, ölkəyə gətirilən məhsulların böyük əksəriyyəti, ərzaq məhsullarının 55 faizə yaxını, geyim məhsullarının 100 faizi, məişət texnikasının 100 faizə yaxını idxaldan asılıdır.

Ona görə də ərzaq və qeyri-ərzaq məhsullarının artımını biznesin devalvasiyadan sonra yaranan situasiyaya uyğunlaşdırılması ilə izah etmək olar. Mən şəxsən bunu gözləyirdim. Bundan sonra da artım davam edəcək.

Hələ devalvasiya zamanı ilin sonu üçün proqnozlaşdırılan iki rəqəmli inflyasiya yetişməkdədir. Bu, ilin sonunda qaçılmaz olacaq”. Onun iddiasına görə, əhalinin sosial durumu daha da ağırlaşacaq: "Qiymətlərin qalxması, iş yerlərinin bağlanması, Rusiyadan göndərilən vəsaitlərin kəskin azalması onsuz da sosial durumu ağırlaşdırmışdı. Son zamanlar həm də iş yerlərinin kütləvi bağlanmasının şahidi oluruq. Hesab edirəm ki, bütün bunlar sosial gərginliyin artmasına gətirib çıxaracaq”.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür