Azərbaycanda trans qətlləri necə araşdırılır?

22:31 | 01.10.2021
Azərbaycanda trans qətlləri necə araşdırılır?

Azərbaycanda trans qətlləri necə araşdırılır?

Nuray adlı trans qadın bu ilin iyulunda 27-i yaşını gəlinlik geyinərək dostları ilə birgə qeyd edib. Onun dostları ilə rəqs etdiyi videonu "Instagram” fenomeni Sevinc Hüseynova öz səhifəsində paylaşıb və sərt şəkildə nifrət çağırışları edib.

Tənqidlərdən bir ay keçməmiş Nurayın cəsədi Qaradağ rayonunda əli-qolu bağlı və yandırılmış şəkildə aşkar edilib.

Araşdırmalardan məlum olub ki o, yandırılmazdan əvvəl çoxsaylı bıçaq zərbəsinə məruz qalıb.

Nurayın qətlindən sonra Azərbaycanda LGBTIQ+ fəalları buna etiraz olaraq Ombudsman Aparatının qarşısında aksiya keçiriblər. "Instagram” fenomeninin translara olan hücumlarda böyük rolu olduğunu deyərək, onun cəzalanmasını tələb ediblər.

"Biz bu səbəbdən bura yığışmışıq ki, haqlarımızı və hüquqlarımızı qorusunlar. Bu, bir faciədir, bu faciə hamımızın başına gələ bilər. Hər birimizi bu təhlükələr gözləyir. Səbinə Əliyevadan xahiş edirik ki, bizim səsimizə səs versin”, aksiya iştirakçısı Meydan TV-ə deyib.

İştirakçılarından biri Damla "Anews”a bildirib ki, Nurayın qatilin saxlanılmasına və istintaqın davam etməsinə baxmayaraq, hələ də çox narahatdır, çünki bu, onların təhlükəsizliyinə zəmanət vermir.

"Bu, o demək deyil ki, bir gün yeni bir cinayətkar ortaya çıxıb məni öldürməyəcək”, - Damla deyib və onu da əlavə edib ki, təhlükəsizliyin təmin olunması üçün o, çıxış yolunu transgenderlərə qarşı nifrət çağırışları edən sosial media fenomenlərinin həbs olunmasında görür.

Lakin bu ölkədə LGBTIQ+lara qarşı törədilən ilk cinayət və yaxud zorakılıq hadisəsi deyil. Hələ iyun ayında Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri LGBTIQ+lara qarşı artan zorakılıq hallarına qarşı bəyanat yayıblar. Bəyanatda deyilirdi ki, May ayınının 30-dan iyunun 10-a qədər ölkədə zorakılıq hallarının və ayrıseçkiliyin artması müşahidə olunub. 6 queer Azərbaycan vətəndaşı müxtəlif şəxs və qrupların fiziki hücumlarına məruz qalıb, onlara müxtəlif xəsarətlər yetirilib.

Avqustda baş verən cinayət hadisəsi əlaqədar şübhəli şəxs qismində saxlanılan olsa da, cinayət işinin detalları və məhkəmənin tarixi hələ bəlli deyil. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Nuray şəxsi münasibətlər zəminində yaranmış münaqişəyə görə qətlə yetirilib.
  
Keçən il iyun ayında da 28 yaşlı seks işçisi kimi fəaliyyət göstərən transgender Aysu Məmmədli özünü müştəri kimi təqdim edən şəxs tərəfindən 11 bıçaq zərbəsi alaraq öldürülüb.

Bu hadisədə bəzi detallar Nurayın qətli ilə üst-üstə düşür. Ölümündən əvvəl onun da videosu başqa bir video-bloqqer tərəfindən payşalılaraq ciddi şəkildə tənqid olunub. Dostlarının yerli mediaya verdiyi açıqlamada deyilir ki, bloqqer onun videosunu paylaşdıqdan sonra Aysu öz saç ustasına dayısının onu ölümlə təhdid etdiyini deyib.

LGBTIQ+ fəalı Lili Nazarov bu faktı polisə ötürənlərdən biri olub. Nazarov "Anews”a bildirib ki, polisə məlumat verməsinə baxmayaraq Aysunun dayısı istintaqa cəlb edilməyib. Bundan əlavə, cinayət işi ilə bağlı keçirilən məhkəmənin vaxtları dostlarından gizli saxlanılıb.

Onun sözlərinə görə, Xətai Rayon Prokurorluğundan keçiriləcək məhkəmələrin tarixi soruşulsa da, onlara heç bir məlumat verməyib. Nəticədə nə Nazarov, nə də Aysunun digər tanışı Əvəz Hafizli məhkəmələrdə iştirak edə biliblər.

Əvəz Hafizli "Anews”a deyib ki, onlar prokurorluqdan istintaq zamanı Aysunun qətlə yetirildiyi ərazidəki kameraları baxmağı tələb ediblər. Lakin cəhdləri heç bir nəticə verməyib, ümumilikdə isə istintaq barədə heç bir məlumat ala bilməyiblər.

Məhkəmə onun tanışlarına qapalı şəkildə keçirilsə də, mediada cinayətlə bağlı detallar işıqlandırılıb.

Ölkədə baş verən trans qətllərində tez-tez səsləndirilən bəhanələr var. Onlardan biri "trans olduğunu bilmirdim”-dir. Elə Aysunu qətlə yetirən şəxs də ifadəsində deyib ki, o, Aysunun trans olduğunu bilməyib. Öyrəndikdən sonra ona az məbləğ ödədiyi üçün aralarında münaqişə yaranıb və nəticədə Aysunu qətlə yetirib. Məhkəmə qərarına əsasən o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lakin məhkəmədə çıxış edən Aysunun qardaşı təqsirləndirilən şəxsi bağışlayıb və bildirib ki, onu tanımır və heç bir düşmənçiliyi yoxdur.

"Təqsirləndirilən şəxsi bağışlayıram, ona qarşı şikayətim yoxdur” deyən qardaşı onu da əlavə edib ki, anaları Aysuda 2015-ci ildə qəribəlik olduğunu hiss edib və seks işçisi olduğunu biliblər. 2017-ci ildə anaları rəhmətə gedəndən sonra Aysu daha evə getməyib, elə qardaşı da onunla əlaqəni tamamilə kəsib.
Hüquqşünas Jalə Bayramovanın fikrincə, trans qadınların əksəriyyəti evdən qovulmuş və ailələri ilə əlaqəsi olmayan şəxslərdir və cinayət törədildikdən sonra öldürəni şikayət edən və istintaq ilə maraqlanan olmur.

"Vəkil ölən şəxsin hüquqlarını müdafiə etməlidir. Bunun üçün mərhumun valideynləri ilə vəkil arasında müqavilə bağlanmalıdır. Valideynləri isə yaxın durmur, deyir ki, mənim belə bir övladım yoxdur. Nəticədə bu qətlin araşdırılması bir növ başsız qalır və polis işçiləri prosesi yola verirlər”.
  
 Hüquqşünas Jalə Bayramova həmçinin onu qeyd edib ki, LGBTIQ+ lara qarşı törədilən cinayətlərin istintaq prosesi bilərəkdən uzadılır.
"Baxırıq ki, təqsirləndirilən şəxs məlumdur, lakin bu şəxs barədə qərar uzun müddət keçdikdən sonra verilir. Bunun əsas səbəblərindən biri odur ki, rəsmi qurumlar işi uzadaraq hadisəyə qarşı ictimai marağı itirməyə çalışırlar”.

"ILGA-Europe” təşkilatının 2020-ci il barədə dərc etdiyi hesabatda qeyd edilir ki, tək Aysu deyil, onun qətlindən bir neçə gün keçəndən sonra digər trans qadın bıçaqlanıb, amma sağ qala bilib.

Təşkilatın yayımladığı hesabatda o da qeyd olunur ki, son beş ildir, Azərbaycan LGBTIQ+ hüquqlarının müdafiəsi üzrə 49 Avropa ölkəsi arasında sonuncu yeri tutur və ölkədə mütəmadi olaraq homofobik və transfobik zəmində cinayətlər törədilir.

Gender tədqiqatçısı Leyla Həsənovanın sözlərinə görə, translar ölkədə siyasi və sosial aspektdən imtiyazsız insanlardır. Bu imtiyazsızlığın siyasi səbəblərdən olduğunu nəzərə alanda onların qəttləri xüsusi ilə araşdırılmalıdır.

"Azərbaycan qanunvericiliyində LGBTIQ+ üçün heç bir xüsusi maddə yoxdur. Bu isə LGBTIQ+nin əleyhinə işləyir. Translar cəmiyyətin ən imtiyazsız fərdləridir”, Həsənova deyib onu da qeyd edib ki, trans vətəndaşlar ölkənin sosial, mədəni və siyasi dəyərlərində legitim vətəndaş hesab edilmədikləri üçün onların taleyi və həyatları da legitim qəbul edirmir. Dolayısıyla, transları məruz qoyduqları zorakılıqlarla nə cəmiyyət, nə də güc strukturları maraqlanır.

"Bu da öz növbəsində bir çox problem yaradır - cəmiyyətdə təzyiq görür, bununla bağlı polisə şikayət edilir və bu zaman ya polis özü trans vətəndaşa təzyiq göstərir, yaxud ümumiyyətlə, şikayətini ciddi qəbul etmir”.
 
QueeRadar platforması tərəfindn təqdim edilib 








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM