C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının tərkibində yeni Bədii Şura yaradılıb. Kinostudiyanın direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, Bədii Şura 2014-cü ildən fəaliyyətə başlayacaq: “Şuranın səlahiyyətləri geniş olacaq, tərkibində respublikanın aparıcı mütəxəssisləri iştirak edəcəklər. Tam tərkib hələlik müəyyən olmadığına görə adları açıqlamaqda çətinlik çəkirəm. Yanvarın sonunda mütəxəssislərin kimlər olacağı açıqlanacaq. Azərbaycanın kino sahəsindəki ssenari problemlərinin həlli, filmlərin bədii keyfiyyətinin yüksəldilməsi üçün şuranın fəaliyyəti çox vacibdir. İndiyə qədər Məşvərət Şurası fəaliyyət göstərirdi, amma onun səlahiyyətlərinin artırılmasına, tərkibinin genişləndirilməsinə ehtiyac vardı”. M.Hətəmov əlavə edib ki, Bədii Şuraya təqdim olunacaq ssenarilər üzvlərin səsverməsindən sonra istehsalata buraxılacaq: “Çox səs qazanan ssenarilər istehsalata buraxılacaq və bu da təbii ki, keyfiyyətli ssenarilərin üzə çıxmasına gətirib çıxaracaq. Nazirliyin dövlət sifarişi ilə təqdim etdiyi ssenarilərdən başqa, kinostudiya öz seçdiyi ssenarilərin maliyyələşdirilməsi üçün də nazirliyə müraciət edəcək. Bədii Şuranın səlahiyyət dairəsi təkcə ssenari ilə məhdudlaşmayacaq. Həmçinin filmlərin qəbulunda da iştirak edəcəklər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !