Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Hikmət Babaoğlu Lıvandaki Azərbaycan səfirliyinin təhlükəsizliyinin Azərbaycan tərəfindən yox, Livan tərəfindən təmin edilməli olduğunu bildirib.
"Səfirlikləri və diplomatik fəaliyyətlə bağlı bütün məsələləri nizamlayan, 1961-ci ildə qəbul edilmiş Viyana Konvensiyası var. Və Viyana Konvensiyasının tələblərinə uyğun olaraq bir ölkənin digər ölkədəki səfirliyinin təhlükəsizliyi, ev sahibi ölkə tərəfindən təmin edilir. Yəni, təhlükəsizlik tədbirlərinin görülməsi, səfarət göndərən ölkə tərəfindən həyata keçirilmir. Azərbaycan 1992-ci ildə Viyana Konvensiyasına qoşulub. Həmçinin, son iki ildə səfirliklərimizin hücum edildiyi ev sahibi ölkələri Böyük Britaniya, Fransa, İran və Livan da Viyana Konvensiyasına qoşulublar. Ona görə də, səfirliklərimizin təhlükəsizliklərinin qorunması, həmən ölkələrin təhlükəsizlik xidmətlərinin və yaxud da dövlət qurumlarının borcudur. Necə ki, Azərbaycanda akreditasiya olunmuş diplomatların və səfirliklərin təhlükəsizliyini Azərbaycan təmin edir, o şəkildə də, Azərbaycanın başqa ölkələrdəki diplomatik nümayəndəliklərinin diplomatlarının da təhlükəsizliyini təmin etmək ev sahibi ölkənin üzərinə düşür. Şübhəsiz ki, buna paralel olaraq, yenə qanunvericiliyin icazə verdiyi həddə, diplomatların öz ölkəsi tərəfindən də təhlükəsizliklə bağlı müəyyən addımlar atılır. Amma bu da, ev sahibi ölkənin qanunvericiliyi çərçivəsində olur. Yəni, heç bir ölkə səfir göndərdiyi ölkəyə öz səfirliyinin qorunması üçün tank-tüfəng göndərmir. Çünki, ev sahibi ölkə bunu öz öhdəsinə götürür. Livanda baş verən hadisə ilə bağlı isə, yenə, Azərbaycan səfirliyinin təhlükəsizliyini sağlamaq Livan höküməti üzərinə düşür”, - Hikmət Babaoğlu deyib.
Babaoğlu həmçinin qeyd edib ki, bu məsələ beynəlxalq səviyyədə aktuallaşdırılanda bunun Azərbaycan diplomatlarına qarşı erməni terroru olduğunu vurğulamaq lazımdır.
"Bu məsələnin lazımi qədər təqdim olunması, beynəlxalq səviyyəyə çatdırılması da, yenə də, Viyana Konvensiyasına uyğun olaraq, belə hallarda səfarət göndərən ölkə yəni Azərbaycan konvensiya çərçivəsi daxilində edə biləcəklərini etdi. Böyük Britaniyanın müvaffiq qurumlarına, Xarici İşlər Nazirliyinə notalar verildi. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycandaki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Yəni bu bir diplomatik protokol qaydasıdır. Diplomatik fəaliyyəti nizamlayır və bundan başqa addımların atılması doğru həsab edilmir. Amma əlbəttə ki, ev sahibi olan ölkə bu hallarda başqa qərarlar da qəbul edə bilər. İran hadisəsində biz buna şahidlik etdik. Azərbaycan İrandaki səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Mənim fikrimcə, məsələni daha obyektiv qoymaq lazımdır. Livanda yaşayan ermənilər Azərbaycan səfirliyinə hücum ediblər. Və bunu da bu şəkildə qeyd etmək lazımdır ki, yenidən Azərbaycan diplomatlarına qarşı erməni terroru mu başlayır? Çünki biz dövlətçilik tariximizdən bilirik ki, 1918-1920-ci illərdə Türk və Azərbaycan diplomatlarına qarşı ermənilərin terror fəaliyyəti həyata keçirilib. Biz bunu açıqca bilirik. Ona görə də mən fikirləşirəm ki, məsələni aktuallaşdırıb ortaya çıxardanda, bu kontekstdə qoymaq daha doğru olardı, nəinki, Azərbaycanı itham etmək ki, səfirliklərimizin diplomatlarımızın təhlükəsizliyini biz təmin edə bilmirik”, - deputat açıqlayıb.
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas Azərbaycan səfirliklərinə axır vaxtlar artan hücumların erməni təxribatı olduğunu deyib.
"Bizim xarici ölkələrdəki səfirliklərimizin təhlükəsizlik xidmətləri silahlıdırlar. Səfirlərin təhlükəsizliyini qorumaq, yerləşdiyi ölkənin bilavasitə vəzifəsi və borcudur. İndi haradasa zəif qoruyublarsa, bu o həmin dövlətin təxribatı və məsuliyyətsizliyidir. Dünən Livanda Azərbaycan səfirliyinə təxribat olunub. Hər dəfə biri səfirliyə gələndə səfirlik əməkdaşı güllə atmalı deyil ki. Gəlir adam, çığırır, bağırır, səfirliyin qabağında bayraq qaldırır. Buna güllə vurulmaz. Bu ev sahibi ölkənin polislərinin məsuliyyətidir. Yəni bu səfirliyin məsuliyyəti deyil. Amma hücumçular səfirliyin binasının içərisinə girərsə, səfirlik onlara adekvat edə bilərlər. Dövlət həmçinin onlara yetərli maliyyə də ayırır. Bu son illərdə səfirliklərimizə olan hücumların hamısı Azərbaycana olan təzyiqdən gəlir. Bu təzyiq əvvəllər də olub, indi də var. Livanda həm də ermənilər çoxdur. Onlar dünyaya səslərini çıxartmaq istəyirlər. Onlara bu şıv lazımdır. Amma əlbəttə ki, Livan höküməti də məsuliyyət daşıyır və cavabını da alacaq”, - Aqil Abbas deyib.
O həmçinin vurğulayıb ki, Azərbaycan xarici ölkələrdəki səfirliklərinə yetərli maliyyə ayırır və bu barədə heç bir problem yoxdur.
Milli Məclisin deputatı Elşən Musayev iyunun 6-da Milli Məclisin iclası zamanı, Azərbaycanın xaricdəki səfirliklərinin təhlükəsizliyi üçün dövlət büdcəsindən pul ayrılmasının vacib olduğunu bildirib.
Azərbaycanın 2022-ci ilin 4 avqustunda Londondaki səfirliyinə, 2022-ci ilin 18 sentyabrında Paristəki səfirliyinə, 2023-cü ilin 27 yanvarında Tehrandaki səfirliyinə və 2023-cü ilin 31 avqustunda isə Livandaki səfirliyinə hücum edilib.
İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəsətəyi çərçivəsində hazırlanıb.
Rabia Hale Seferoğlu
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !