Azərbaycanın Qranadakı görüşündən imtina etməsi Ermənistanla danışıqlardan imtina etməsi kimi qiymətləndirmək doğru deyil. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar vermişdir. Biz, həmçinin ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik. Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyil”, - Hacıyev öz "X" platfomrasında paylaşımda yazıb.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Qranadada Ermənistan, Fransa, Almaniya liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə keçiriləcək görüşdə iştirakdan imtina edib.
Aİ-nin yüksək səviyyəli nümayəndəsi oktyabrın 5-də jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderləri Nikol Paşinyan, Emmanuel Makron, Olaf Şolz və Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevin iştirak etməməsinə baxmayaraq Qranadada görüş keçirəcəklər.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !