Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan soydaşlarımıza müraciət edib.
Anews.az xəbər verir ki, səfir bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün azərbaycanlılara müraciət edərək bu günlərdə öz səsini ucaldan və Azərbaycan bayrağını qaldıran hər kəsə təşəkkürünü bildirib. Mehriban xanımın müraciətində bizə qarşı törədilən vandalizm aktlarına görə ürəkağrısı, Azərbaycan nümayəndələrinə qayğı, zorakılığın qəzəblə pislənməsi və zəkaya, dərrakəyə çağırış duyulur.
Azərbaycanın diplomatik missiyasının rəhbərinin müraciətində deyilir: "Rusiyada yaşayan bütün soydaşlarımıza müraciət edirəm, bu qadının, ananın, dövlət xadiminin çağırışı ilə diqqətlə tanış olun, onun sözlərinin mənasına fikir verin”.
Müraciətdə qeyd edildiyi kimi bu gün bizim əsas vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb etməkdir. O xüsusi vurğulayıb ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz”.
Səfir Rusiyada yaşayan bütün soydaşlarımızı birləşməyə çağırıb. P.Bülbüloğlu deyib: "Provokasiyaları layiqincə dəf etmək üçün biz birlikdə olmalıyıq, lakin bu halda küçə davaları səviyyəsinə enməməliyik. Bizim mübarizəmiz hüquq müstəvisi çərçivəsində aparılmalıdır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !