İŞİD İraq paytaxtına irimiqyaslı hücuma hazırlaşır; doqquz ölkə öz səfirliklərini şəhərdən çıxardı; Elman Abdullayev: “İraqda diplomatlarımız yoxdur...”
Mübarək Ramazan ayı daxil olsa da, İraqda “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının yaşayış məntəqələrinə hücumları səngimir. Dünən belə bir məlumat gəldi ki, hörgütün 3700 əsgərdən ibarət dəstəsi paytaxt Bağdada yeddi ayrı nöqtədən girməyə cəhd edir (axar.az).
Məlumata görə, ABŞ-ın pilotsuz təyyarələri Bağdad üzərində uçmağa başladığı məqamda İŞİD də Mosul və Tikritdən gələn vəhhabi gənclərdən ibarət böyük bir qrupla şəhərə hücumlar edir. Terrorçular artıq Bağdadın 110 km qərbində yerləşən Mansuriyəni ələ keçiriblər.
İraqdakı bəzi qaynaqların verdiyi məlumata görə, qarşıdurmanın başladığı müddət ərzində İŞİD İraq ordusuna 10 milyard dollarlıq ziyan yetirib. Nəticədə İraq ordusuna məxsus 4000 pulemyot, 1500 hərbi texnika, 50 ədəd tüfəng, 50 T-55 tankı və iki helikopter terror qruplaşmasının əlinə keçib. Bu isə o deməkdir ki, İŞİD-çilərin hələ uzun müddət döyüşmək, viran qoymaq imkanları olacaq.
Son bilgilərə görə, İŞİD hazırda Mosuldan topladığı 300 nəfəlik əsgəri qrupla Bağdadın Samirə şəhərini bombalamaqda davam edir. Bu üzdən də şiələrin müqəddəs hesab etdiyi 12 imamdan biri olan müqəddəs İmam Əli Əsgərin (ə) türbəsinin yerləşdiyi Samirə şəhərinin işğalı şiələri və İranı ciddi şəkildə narahat edir. Bəllidir ki, bu terrorçu təşkilat şiələrin müqəddəs ziyarətgahlarını dağıtmağı özünün əsas hədəflərindən biri qismində elan edib.
Xəbərdə ən diqqətçəkən məqamlardan biri paytaxta hücumla əlaqədar Bağdadda doqquz ölkənin öz nümayəndəliyini evakuasiya edərək Ərbilə köçürməsidir. Lakin çıxarılan nümayəndəliklər arasında Azərbaycanın və ya Türkiyənin diplomatik korpusunun olub-olmaması barədə heç nə deyilmir. Bu isə istər-istəməz nigarançılığı artırır.
Narahatlığı gücləndirən məqamlardan biri də İŞİD-in Mosulda girov götürdüyü Türkiyə konsulluğu əməkdaşlarını hələ də qaytarmaması, əksinə, onlardan siyasi bazarlıq kimi istifadə etməyə çalışmasıdır. Hətta Türkiyə kimi qos-qoca dövlət, regional supergüc də bu problemi bu günədək həll edə bilməyib.
Onu da unutmaq lazım deyil ki, Azərbaycan İŞİD-in hədəfində olan ölkələrdəndir. Üstəlik, təşkilat şilələri kafir elan edib. Yeri gəlmişkən, Suriya böhranı zamanı Azərbaycan ən kritik situasiyada belə öz səfirliyini bağlamamışdı.
Dünən məsələnin ciddiliyini nəzərə alıb Azərbaycanın Xarici İşlər Nazirliyi ilə vəziyyəti dəqiqləşdirməyə cəhd elədik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin cavabı isə maraqlı oldu. Sən demə, iri ərəb dövlətlərindən olan İraqda Azərbaycanın səfirliyi yoxmuş (Azərbaycanda İraqın diplomatik nümayəndəliyi fəaliyyət göstərir). Onun sözlərinə görə, ölkəmizin Omandakı səfirliyinin missiyasına həm də İraq daxildir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !