ATƏT-in Azərbaycandakı tədbirində erməni təxribatı; Erməni nümayəndə heyətinin rəhbərinin tarixi saxtalaşdırmaq cəhdinə sərt cavablar verildi; ukraynalı deputat: “Siz Dağlıq Qarabağı işğal etmisiniz...”
ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü sessiyasının ikinci günü daha ciddi hadisələrlə müşahidə olunub. Sessiya çərçivəsində keçirilən Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında fransalı deputat Alan Neri iclasda iştirak etməyən həmkarının da yerinə səs verməyə cəhd edib, lakin saxtakarlığın üstü açılıb.
APA-nın məlumatına görə, o bunu belə izah edib ki, Azərbaycan Fransa nümayəndə heyətinin üzvlərindən Guy Teissierə ATƏT PA-nın sessiyasında iştirak üçün viza verməkdən imtina edib, buna etiraz olaraq həmin həmkarının yerinə səs vermək istəyir.
A.Neri deyib ki, həmkarı G.Teissier əvvəllər informasiya missiyası çərçivəsində Dağlıq Qarabağa səfər etdiyinə görə, onun Bakıya gəlməsi üçün viza verilməyib. O bunu hüquq pozuntusu kimi qiymətləndirib.
Buna cavab olaraq isə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycan Ermənistan tərəfindən işğal olunan bu ərazilərə səfər etməyi dövlət sərhədləri haqqında qanunun pozulması kimi dəyərləndirir.
B.Muradova deyib ki, Dağlıq Qarabağa səfər etmək üçün Azərbaycan dövlətindən icazə alınmalıdır. Əks halda həmin şəxslər Azərbaycan üçün arzuolunmaz şəxslər hesab olunacaq.
Fransız deputatın həmkarının yerinə verdiyi səs saxta sayılaraq qeydə alınmayıb.
Növbəti qalmaqalı isə yenə də Ermənistan nümayəndə heyəti yaradıb. Erməni deputatlar iclasın gedişini pozaraq Krımın ilhaqını dəstəkləyib, separatçı Dağlıq Qarabağ rejiminin bu kimi tədbirlərə dəvət olunmasını tələb ediblər. Bu isə ukraynalı və azərbaycanlı deputatlarla erməni deputatlar arasında qalmaqala səbəb olub. İclasda söz alan Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan iclasın gündəliyindən kənara çıxaraq, Ermənistanın Azərbaycan torpaqlarında yaradılması faktına etiraz etməyə çalışıb. Xatırladaq ki, Ermənistanın Azərbaycan torpaqlarında yaradılmasını Azərbaycan prezidenti sessiyanın açılışı zamanı-iyunun 28-də çıxışında bəyan etmişdi. Belə görünür ki, prezidentin bu həqiqəti yüksək tribunadan səsləndirməsi erməni tərəfində ciddi narahatlıq yaradıb.
A.Geqamyan iclasdakıların diqqətini çəkmək məqsədilə çıxışı zamanı qışqıra-qışqıra danışmağa başlayıb: “Bizim böyük tarixçilər, o cümlədən fransız tarixçiləri burada erməni çarlığının olması faktını təsdiqləyiblər”.
Erməni deputatın tarixçilər adından danışması iclasdakı əksər nümayəndələr tərəfindən gülüşlə qarşılanıb. Ona əhəmiyyət verilmədiyini görən A. Geqamyan yenidən separatçı Dağlıq Qarabağ rejimindən söz salıb, Dağlıq Qarabağı Krımla müqayisə edərək, Azərbaycanla yanaşı, Ukraynanı da ittiham edib. O, Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını müəyyən etdiklərini bildirərək, Krımda da “Krım milləti”nin öz müqəddəratını referendum yolu ilə həll etdiklərini iddia edib.
İclasın aparıcısı, Azərbaycan Milli Məclisinin üzvü Azay Quliyev tərəfindən A. Geqamyana mövzudan kənara çıxmamaq, separatçı təbliğat aparmamaq barədə xəbərdarlıq edilib, ona çıxış üçün ayrılmış vaxtından gündəliyə uyğun istifadə etməsi tövsiyə olunub.
Bundan əsəbiləşən erməni deputat səsini daha da qaldıraraq istədiyi mövzuda danışa biləcəyini bildirib. O, Dağlıq Qarabağda azərbaycanlıların ermənilər tərəfindən kütləvi qırğına məruz qalmasına görə Azərbaycan Xalq Cəbhəsini günahlandırıb. A.Geqamyan deyib ki, guya ermənilər azərbaycanlıların çıxması üçün “sülh koridoru” yaratsa da, AXC əhalinin bu koridordan istifadə etməsinə imkan verməyib.
Erməni deputatın mövzudan tamam kənarlaşaraq tarixi öz istədiyi kimi saxtalaşdırması iclas iştirakçılarının, təşkilatçıların narazılığına səbəb olub. Bunu görən erməni deputat çıxışını yekunlaşdırıb.
Onun ardınca söz alan Ukraynanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Oleq Zarubunski sessiya rəhbərliyinə erməni nümayəndə heyətindən şikayət edib, onları siyasi etikaya riayət etməyə çağırıb: “İki gündür, burada erməni nümayəndə heyəti iki beynəlxalq prinsipi: xalqların öz müqəddəratını müəyyən etməsi və ərazi bütövlüyü məsələsini qəsdən qarışdıraraq bir-birinə qarşı qoyur, bununla da beynəlxalq missiyanı çaşbaş salmağa çalışır. Cənab Geqamyan, siz doğurdanmı anlamırsınız ki, ”Krım milləti" deyilən millət yoxdur. Orada Krım tatarları və digər etnik xalqlar var ki, Ukraynanın daxilində muxtar respublika kimi yaşayırlar. İndi Ukraynanın bu ərazisi işğal olunub, necə ki, siz Dağlıq Qarabağı işğal etmisiniz. Utanmırsınız, öz işğalınıza bəraət qazandırmağınız bəs deyil, Ukraynanın ərazi bütövlüyünün pozulmasına da beynəlxalq tədbirdə haqq qazandırırsınız?! Mən xahiş edirəm, burada beynəlxalq prinsiplərə bu qədər təcavüz olunmasın, məsələləri bir birinə qarışdırmayın".
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə diqqəti A. Geqamyanı öz çıxışında səsləndirdiyi fakta yönəldib: “Siz deyirsiniz ki, o vaxt ermənilər azərbaycanlıların çıxması üçün ”sülh koridoru" yaratmışdı. Erməni separatçılarına kim ixtiyar vermişdi ki, azərbaycanlılara öz torpaqlarından çıxması üçün koridor yaratsın? Siz utanmadınız, işğalınızı bu şəkildə etiraf edərək əməllərinizə haqq qazandırırsınız?"
B.Muradova sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, 22 ildən artıqdır mövcud olan Dağlıq Qarabağ məsələsi məhz qeyri-qanuni keçirilən referendumun və bir neçə dəfə qeyri-qanuni keçirilən parlament və prezident seçkiləri nəticəsində mövcuddur: “Erməni deputat Dağlıq Qarabağı özünü ifadə etmiş bir dövlət kimi qələmə verməyə çalışır, hətta onun haqqında gülməli bir ifadə işlədərək onun demokratikliyi barədə danışır. Dağlıq Qarabağa səfər edən xarici həmkarlarımız bu regionun hansı vəziyyətdə olduğunu, oradakı bir qrup kasıb, aşağı səviyyədə yaşayan, bütün imkanlardan məhrum əhalinin hansı vəziyyətə olduğunu görür. Dağlıq Qarabağ xalqı deyilən bir şey yoxdur, orada yalnız etnik ermənilər yaşayır, onlar Azərbaycan vətəndaşlarıdır və biz onların bugünkü durumu üçün çox narahatlıq keçiririk. Çünki bu insanlar ”Böyük Ermənistan" ideyasının girovuna çevriliblər".
B.Muradova qeyd edib ki, ermənilər Dağlıq Qarabağ haqqında həqiqətləri eşitmək istəmirlər. O vurğulayıb ki, İrəvan tarixi Azərbaycan torpağıdır: “Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik”.
Daha sonra təşkilatçılar A.Geqamyan və digər erməni deputatı sessiyanın nizamnaməsi barədə təlimatlandırıblar. Nizam-intizam qaydalarını pozduqları onların diqqətinə çatdırılıb, bir daha belə hallara yol verməmələri barədə xəbərdarlıq olunub.
Baş verənləri “Yeni Müsavat”a şərh edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, ermənilərin bu cür təxribatı Ermənistanın işğalçı dövlət olmasını ört-basdır eləmək, işğalçı siyasətlərinə haqq qazandırmaq cəhdləri gözlənilən idi: “Ermənilərin NATO-nun Azərbaycan bu yaxınlarda keçirilən seminarında təxribatdan sonra bizdə əminlik yaranmışdı ki, buna bənzər həyasızlığı ermənilər ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında da müşahidə olunacaq.
Çünki erməni deputatlar xüsusi təlimatla Azərbaycana gəlmiş insanlardır. Onlara Azərbaycanın öz daxilində şərait yaradıb özlərinin özlərini ifşa etməsinə imkan yaratmaq lazımdır. Artıq məlumdur ki, iyunun 28-də və 29-da sessiyada erməni deputatlar öz təxribatçı çıxışları ilə Ermənistanı faktiki olaraq ifşa ediblər, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini faktiki olaraq etiraf ediblər. Geqamyanın ”ermənilər azərbaycanlıların çıxması üçün “sülh koridoru” yaratmışdı" fikri Ermənistanın azərbaycanlıları öz yurd-yuvalarından didərgin saldığının etirafıdır. Erməni nümayəndə heyəti ATƏT PA-nın bütün deputatları qarşısında ermənilərin təcavüzkarlıqlarını, Ermənistan dövlətinin işğalçı, millitarist dövlət olduğunu ortaya qoyublar. Onlar nümayiş etdiriblər ki, əslində Ermənistan dövləti xəstələnmiş, terrorçu, işğalçı, millitarist bir dövlətdir, belə bir dövlətin sivil dünya ilə heç bir əlaqəsi yoxdur".
F.Ağamalı ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin yetərincə hazırlıqlı olduğunu və ermənilərin sessiyada cavablarını lazımi səviyyədə verdiyini də söylədi: “Azərbaycan nümayəndə heyəti beynəlxalq hüquqa, həqiqətə söykənərək Ermənistanın işğalçı siyasətini məhz ermənilərin gözü qarşısında mötəbər tədbirdə ifşa edə bilirlər. Ölkə prezidentinin sessiyanın açılışı zamanı etdiyi çıxış da erməni təcavüzünün bütün anatomiyasını ortalığa qoydu. Ermənistanın Azərbaycanın tarixi torpaqlarında yaradıldığını bir daha mötəbər kürsüdən bəyan etdi. Erməniləri sonadək ifşa etmək, bütün beynəlxalq aləmə onların işğalçı olduğunu sübuta yetirmək səylərini davam etdirmək lazımdır”.
F.Ağamalı Azərbaycanın işğalçı Ermənistana qarşı Ukraynada dəstək almasının yaxşı hal olduğunu vurğuladı: “ATƏT PA-nın Bakıda keçirilən sessiyasında bir daha bəlli oldu ki, Azərbaycan həqiqətləri, Azərbaycanın işğala məruz qalması dünya dövlətləri tərəfindən etiraf olunur, işğalçı Ermənistan pislənilir. Ukrayna nümayəndə heyətinin Ermənistanı Dağlıq Qarabağı işğal etməkdə suçlaması çox yaxşı haldır. Yaxın bir neçə gündə digər ölkələrin nümayəndələrinində buna bənzər mövqe oraya qoyacağını düşünürəm. Ukraynanın ərazi bütövlüyü BMT-də müzakirə olunanda Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək, dünya tərəfindən, hətta Rusiyanın özü tərəfindən də vaxtıilə tanınan Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanmasına səs verdi. Bu gün Ukrayna da beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu açıq şəkildə bəyan edirsə, ölkəmizin yanında olduğunu ortaya qoyursa, bu yaxşı haldır. Düşünürəm ki, indiyə qədər tərəddüd edənlər də, ikili standartlardan çıxış edənlər də, mövqelərini tam mənada ortalığa qoymayanlar da yaxın zaman kəsiyində nəhayət barmaqlarını Ermənistana tərəf tuşlayıb ”Sən təcavüzkarsan, terrorçu dövlətsən, sən Azərbaycanın ərazisini işğal edən millitarist dövlətsən" deyəcək. O zaman Ermənistanın çıxış yolu qalmayacaq, gec-tez Ermənistana sanksiyaların tətbiq olunması prosesi başlayacaq".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !