Bakı heyvanxanası: daxildən baxış - FOTOREPORTAJ

10:30 | 20.05.2015
Bakı heyvanxanası: daxildən baxış - FOTOREPORTAJ

Bakı heyvanxanası: daxildən baxış - FOTOREPORTAJ

Rüstəm Qasımov 

İstirahət günü olmasından istifadə edərək Bakı heyvanxanasına baş çəkdim. Axırıncı dəfə orada 13 il əvvəl olmuşam. Bu ziyarətimin məqsədi keçən illər ərzində heyvanxanada baş verən dəyişiklikləri müşahidə etmək və axırıncı dəfə olduğum London heyvanxanası ilə müqayisə aparmaq idi. 

Ondan başlayım ki, heyvanxananın yerləşdiyi ərazi çox yaxşıdır. Şəhərin mərkəzində "Gəncilik” metrosunun yaxınlığında yerləşir. Şəhərin müxtəlif yerlərindən ora gəlmək çətin deyil. Biletin qiyməti 1,5 manatdır. Bazar günü olduğundan insanların sayı çox idi. 
 
 

Amma düşünürəm ki, bundan sonra bütün müsbət nüanslar başa çatır. 
 

 

Heyvanxanaya daxil olan kimi, insanla dolu çayxananı görürsən. Qeyd edim ki, heyvanxanaya girişin qapısı çox dardır. Razılaşın ki, bu ciddi narahatlıq yaradı. Əgər növbə yaranarsa, ora girmək çox çətin olar. Məsələn, Londonda giriş və çıxış ayrı-ayrı qapılardandır. Bundan başqa Londonda girişdə suvenir mağazası varsa, bizdə çayxanadır.
 
 

Bundan sonra gözümə heyvanxanın xəritəsi sataşır. Bu onun durumunu ən yaxşı izah edən lövhədir. 
 
 

İlk sırada, bu şəkildə görüntüyə sahib müxtəlif növ papuqaylar, kakadu və s. var idi. Onların durumuna baxdıqda anlayıram ki, həyat onlar üçün bal-yağ içində keçmir. Quşların görüntüsü onların sağlıq durumunun yaxşı olmadığını göstərir.  
Digər tərəfdə ev quşları saxlanılır. 
 
 
 
 

Günəşdən ləzzət alan hovuzdakı timsahın durumu isə pis görünmür. 
 
 

Mənim növbəti ziyarət yerim akvarium oldu. 
 




Su altı dünyanın heyranı olduğumdan Bakı heyvanxanasında onlara səbirsiliklə baxmaq istəyirdim. Qeyd edim ki, akvarium yer altında yerləşir və ora daxil olanda özümü çox narahat hiss etdim. Məsələ burasındadır ki, həmin yerdə dəhşət havasızlıq var idi. Yay ayının gəldiyini nəzərə alsaq, oradakı istinin 40-45 dərəcəyə çatacağını düşünmək olar. Havalandırma sistemi olmadan burada olmaq mümkün deyil. 

Akvariumların sayı cəmi 20 ədəd idi. Amma məsələ kəmiyyətdə yox, keyfiyyətdədir. Cəmi beş akvariumda yerləşdirmək olar, amma onları elə gözəl etmək olar ki, baxanlar zövq ala bilsin. Amma burada olan akvariumlar, nə öz gözəllikləri, nə təmizlikləri, nə böyüklükləri nə də, fərqlilikləri ilə seçilmirdi. 15 illik balıq saxlamaq təcrübəmə əsaslanaraq deyə bilərəm ki, buradakı balıqların çoxusu müxtəlif xəstəliklərə yoluxmuşdular. 

Bundan əlavə, akvariumların dizaynları çox pisdir. 

Məsələ burasındadır ki, bizim akvarium təkcə Londona yox, Daşkəntdəkinə də uduzur. Belə ki, Daşkəntdə olan akvariuma baxmaq üçün ən azı 40-45 dəqiqə lazım olur. Orada, karrolavi lifləri, akula və s. bir çox okean canlıları sərgilənir. Ölkəmizin Xəzər sahilində yerləşdiyini nəzərə alsaq, akvariumlarımız çox kasıb görünür.  Ən pis halda biz, Xəzərdə üzən canlılardan istifadə edə bilərdik. Bundan başqa, burada insanlara canlıların fərqliliyini izah edən lövhəciklər də yoxdur. 


Akvariumdan çıxıb irəli getdim və orada keçi ilə meymunun eyni qəfəsdə yaşadığını gördüm. Bir az irəlidə quşlar saxlanılır. Onlar tam olaraq dəmirlə əhatələnib və hərəkət etmə imkanları azdır. Amma bir az müşahidə etdikdən sonra anladım ki, quşların bu qorumasının səbibi insanlardır. Çünki insanlar onlara quşların yeməyəcəyi yeməklər atır. Lövhədə quşlara yemək atılmasını qadağa edən qayda olsa da, insanlar buna fikir vermir. 
 

 

Aslanlar günəş altında rahatlıq tapıblar. Heyvanlar insanların səs-küyünə o qədər öyərişiblər ki, onlara heç fikir də vermirlər. 
 
 

Heyvanxanada olan bəbir sayı ikidir. 

Ümumillikdə, heyvanxananın ərazisi kiçikdir.  Amma istək olsa, buranı çox yaxşı düzəltmək olar. Bu isə təkcə yerli camaatı yox, turistləri də özünə cəlb edər. 
 


 

Heyvanxanada, diqqətimi çəkən digər önəmli məqam oranı ziyarət edən insanlarla bağlı idi. Onlar özlərini elə aparırdı ki, sanki özləri bir az əvvəl kameradan açılıb buraxılıblar. Uşaqlar isə ayrıca söhbətin mövzusudur. Hər şeyi açıb ağartmayacam. Amma uşaqlarla bərabər böyüklərin arasında elə insanlar var idi ki, özlərini ictimai yerdə apara bilmirlər. Qışqırıq, səs küy, qaçdı-tutdu, fotoaparatla şəkil çəkmələr və s. Mədəniyyət və tərbiyə böyük şeydi. Bundan əlavə, insanlar əllərinə keçənləri heyvanlara atırlar. Məsələn, canavara kukuruz yedizdirən az deyil. 
 


 

Axırda demək istəyirəm ki, ideal heç nə yoxdur. İstənilən heyvanxanada biz, əksiklik və problemlər görə bilərik. İstənilən yerdə mədəni səviyyəsi aşağı olan insanlara rast gəlmək olar. Amma hər birimiz özümüzü inkişaf etdirməliyik. Bunu  xaricilərə xoş gəlsin deyə etməməliyik. Bunu elə özümüz üçün etməliyik. Bu bizim heyvanxanaya da aiddir. 
 





















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM