Bakı Musiqi Akademiyasında Listin büstü açılıb

21:21 | 13.06.2022
Bakı Musiqi Akademiyasında Listin büstü açılıb

Bakı Musiqi Akademiyasında Listin büstü açılıb

Məşhur macar bəstəkarı, virtuoz pianoçu, müəllim, dirijor, publisist, musiqi romantizminin görkəmli nümayəndəsi Frans Listin (1811-1886)  büstünün bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında açılış mərasimi keçirilib. 

Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkeni, SSRİ-nin və Azərbaycanın xalq artisti,  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış pianoçu, bəstəkar Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri, BMA-nın professor-müəllim heyəti və tələbələri, Macarıstanın ölkəmizdəki səfirliyinin nümayəndələri iştirak edib. 

Büstün müəllifi Azərbaycanın xalq rəssamı, "Şöhrət" ordeni ilə təltif edilmiş, tanınmış Azərbaycan heykəltaraşı Natiq Əliyevdir.

"Bu büst müəllifi Natiq Əliyev və Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovanın akademiyaya hədiyyəsidir", bu barədə büstün açılış mərasimində akademiyanın rektoru Fərhad Bədəlbəyli bildirib.

Macar bəstəkarının musiqi irsinin böyük pərəstişkarı olduğunu bildirən Natiq Əliyevin sözlərinə görə, Frans Listin büstü onun musiqi xadimlərinə həsr etdiyi ilk əsəri deyil. 
 
"Ferens List təkcə görkəmli bəstəkar, musiqiçi deyil, həm də əla müəllim, gözəl söz və şeir ustadı olub. Onun  akademiyamızda büstünün açılması təhsil ocağımız üçün əlamətdar hadisədir", - Yeganə Axundova bildirib. 

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkeni də Listin büstünün Musiqi Akademiyasında açılışını şərəfli hadisə adlandırıb. "Bundan sonra Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin də büstünün Budapeştdəki List Akademiyasında qoyulması yaxşı olar və iki musiqi ocağı arasında əməkdaşlıq əlaqələrini daha da sıxlaşdırar",  - deyə səfir bildirib. 

Tədbir əsnasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə Budapeştdəki List Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Büstün açılışından sonra  BMA-nın və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələrinin ifasında görkəmli macar bəstəkarının əsərləri səsləndirilib.

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM