Bakıda aptek müdirini və onun otağında olan şəxsi bıçaqlayan yeznə və qayını məhkəmə qarşısına çıxarılıb.
Mehdixan 2 il 6 ay, Ramil isə 2 il müddətinə həbs cəzasına məhkum edilib.
Məhkəmə araşdırması zamanı bildirilib ki, hadisə bir neçə ay əvvəl Xətai rayonu M.Hadi küçəsində yerləşən "Natural” aptekdə baş verib. Aptekin müdiri Azər Qulamov (bütün soyadlar şərtidir) realda olduğundan qat-qat çox satışın olduğunu görərək araşdırma aparıb və aptekdəki kameraları yoxlayıb. Bu zaman məlum olub ki, aptekin ətriyyat bölməsində satıcı işləyən Günel Ağayeva özbaşına olaraq post-terminal vasitəsilə alış-veriş olmadığı halda çoxsaylı satış çekləri çıxarıb. O, həmin çeklər vasitəsilə öz telefonuna yazdığı proqrama ƏDV-nin müəyyən edilmiş hissəsini geri qaytarıb. Bundan sonra aptek müdiri satıcını çağıraraq məsələni araşdırmaq istəyib.
Kamera görüntüləri vasitəsilə məsələni araşdıraraq həmin çeklərin kassada işləyən işçinin fasilədə olduğu vaxtlarda Günel tərəfindən vurulduğunu müəyyən etdim. Onu çağıraraq bu hərəkətin ayıb olduğunu, keçən ayın vergilərini artıq ödədiyimizi, bizə böyük ziyan dəydiyini, lakin bu ayın ödənişi üçün çekləri qaytardığı təqdirdə həmin ödənişləri geri qaytara biləcəyimi və bu məsələnin bitəcəyini bildirdi. Günel dediklərimi inkar etdi, kamera görüntülərini göstərib çeklərdən telefona bonusların gəldiyini dedim. Günel telefonu stolun üstünə qoyaraq baxmağı təklif etdi və heç bir bonusun olmadığını dedi. Həmin vaxt digər işçilər Günelin telefonunu tanıdıqlarından təqdim etdiyinin onun telefonu olmadığını və həmin telefonu yeni işlətməyə başladığını bildirdilər. İşçilər də Günelə görüntülərdəkinin onun olduğunu, kassadan satılmamış dərmanların çeklərini vurduğunu, etdiyi əməlin cinayət olduğunu bildirdikdən sonra Günel qaçıb getdi. Mən aptekdən çıxdıqdan sonra Günelin əri zəng edərək telefonu istədikdə ona aptekdə olmadığımı, məsələnin telefonda həll edilə biləcək məsələ olmadığını dedim”.
Bundan 1 gün sonra aptek müdiri işə gəldikdən sonra Günelin əri Mehdixan və qardaşı Ramil oraya gəlib. Azər həmin şəxslərə satıcının etdiyi hərəkətə görə 8 min manatadək əlavə pul ödəməli olduqlarını deyib və çeklərin geri qaytarılması təqdirdə bu məsələnin həll edilə biləcəyini deyib. Lakin həmin şəxslər israrla Günelə məxsus olan "Samsung” markalı telefonu tələb ediblər və münaqişə yaradıblar. Münaqişə zamanı Mehdixanla Ramil aptek müdirinə və onun otağında olan Natiq adlı şəxsə xəsarətlər yetirərək qaçıblar. Aptek işçiləri tərəfindən ilki tibbi yardım göstərildikdən sonra hər iki şəxs xəstəxanaya çatdırılıblar.
Məhkəmədə Azər Qulamov təqsirləndirilən şəxslərlə barışmadığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini, səhhətinin yenə pisləşdiyini və yenidən əməliyyat olunmalı olduğunu bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !