Bakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş "Biz birlikdəyik” adlı qala konsert keçirilib.
Tədbirin əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.
Sonra TÜRKSOY-un 30 illik yubileyi münasibətilə Xalq yazıçısı Elçin Əfəndiyev, Xalq artistləri Polad Bülbüloğlu, Şəfiqə Məmmədova, Nurəddin Mehdixanlı, Faiq Sücəddinov, Xalq rəssamları Fərhad Xəlilov və Sakit Məmmədov təşkilatın "Şərəf" medalı ilə təltif olunublar.
Gecə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan vokalçılar, musiqi kollektivləri və rəqs ansambllarının çıxışları ilə davam edib.
Qeyd edək ki, bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda "Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !