Baş redaktorlar jurnalistləri təhqir edən həkimlərə cavab verdilər - AÇIQLAMALAR

14:48 | 13.08.2015
Baş redaktorlar jurnalistləri təhqir edən həkimlərə cavab verdilər - AÇIQLAMALAR

Baş redaktorlar jurnalistləri təhqir edən həkimlərə cavab verdilər - AÇIQLAMALAR

Bu gün sosial şəbəkə ölkənin fəal vətəndaşlarının "ştatdankənar” iş yeri olub, desək, yanılmarıq. Hər kəs TV-dən, radioda, saytlardan daha çox sosial şəbəkələr vasitəsilə xəbərlər alır, eyni zamanda öz mövqeyini orada paylaşır.

"Facebook”-da fəaliyyət göstərən "Modern Doctors of Azerbaijan" qrupunda bir neçə gün öncə döyülən, daha sonra isə xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyev mövzusu müzakirə olunub. Təəssüf ki, qrup üzvlərinin əksəriyyəti həkim olan istifadəçilər Rasim Əliyevi əməliyyat edən və işinə səhlənkarcasına yanaşan həkimi müdafiə edib, eyni zamanda Azərbaycan jurnalistləri haqqında da xoşagəlməz ifadələr işlədiblər

Həkim Kamil Quluzadə jurnalistləri təhqir edərək onları "şərəfsiz" adlandırıb. Digər həkim həmkarı ona haqq qazandıraraq jurnalistlərə "zurnalist” deyə müraciət edib. Eyni zamanda "Natavan Ramazanzade” profilinin sahibi – "Xəstəxanada xəstə ölər də” deyərək faciəni aşağılamağa çalışıb.

Jurnalist araşdırmasına görə, qələm adamlarını təhqir edənlər, Rasim Əliyevin ölümünə haqq qazandıran həkimlər - Natavan Ramazanzadə Azərbaycanda Tibb Universitetini, Türkiyədə isə Çukurova Univerisetitində təhsil alıb və hazırda baş-boyun cərrahı kimi fəaliyyət göstərir, Nurlan İbrahimli də Azərbaycan Tibb Universitetində təhsil alıb, Kamil Quluzadə isə Quba Müalicə Diaqnostika Mərkəzində həkim - cərrah olaraq fəaliyyət göstərir.

ANN.Az əməkdaşı həkimlərin sosial şəbəkədə jurnalsitlərə qarşı bu cür təhqir edici ifadələr işlətməsilə ilə əlaqədar Səhiyyə Nazirliyi mətbuat xidməti ilə əlaqə saxlasa da zənglərə cavab verən olmadı. 

Nə üçün bəzi həkimlər öz həmkarlarının səhlankarlığı ucbatından vəfat edən gəncin ölümünə belə laqeyid yanaşır, üstəlik, bu hadisəni ictimailəşdirməyə borclu olan jurnalistləri təhqir edir, səhlənkar həmkarlarının müdafiəsinə qalxırlar? 
 
 

Məsələyə münasibət bildirən "Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev qeyd edib ki, ilk növbədə həkimlər yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Rasim Əliyevlə bağlı hansı tədbirlərin  görüldüyünü sənədlərlə, sübutlarla ictimaiyyətə hesabat verməlidirlər: "Hesab edirəm ki, Rasim Əliyev xəstəxanada adi palatada yatmalı deyildi, onun ciddi müayinəsi keçirilməli idi. Bütün bunlarla bağlı bütün ictimaiyyətə rəsmi açıqlamalar verilməlidir. Daha hansısa qeyri-peşəkar sosial şəbəkədə bu cür ifadələr işlətməməlidir. Deyə bilmərəm ki, bu barədə Səhiyyə Nazirliyi hansısa tədbir görməlidir, ya yox. Onlar özləri bu barədə qərar verməlidir”.
 
 

Məsələyə münasibət bildirən Lent.az saytının baş direktoru Qabil Abbasoğlu ANN.Az-a açıqlamasında bildirib ki, jurnalistləri, ümumiyyətli kiməsni təhqir etmək düzgün deyil:  "Bu haqda yalnız onu deyə bilərəm ki, jurnalistləri bu cür ifadələrlə təhqir etmək olmaz. Hər bir məsələyə hər kəs münasibət bildirir və həmin məsələ barəsində kimsə tənqid oluna bilər,  təhqir yox. Baş vermiş hadisəyə gəlincə, mən də hesab edirəm ki, əgər həkimlər jurnalist Rasim Əliyevlə bağlı lazimi və yetəri tədbirlər görsəydilər, yəqin belə faciəni yaşamazdıq”.
 
 

"Qafqazinfo.az” internet qəzetinin baş redaktoru  Elbrus Erud məsələ ilə bağlı ANN.Az-a açıqlamasında bildirib ki, belə aşağı səviyyəli müzakirələrə, qarşılıqlı ittihamlara fikir vermək lazım deyil: "Azərbaycanda peşəkar, səviyyəli bütün varlığı ilə sənətinə bağlı olan həkimlər və eyni zamanda ciddi fəaliyyətlə məşğul, professional jurnalistlərimiz də var. Bununla yanaşı hər iki tərəfdən səviyyəsiz və peşəkar olmayanları mövcuddur. 5-6 peşəkar olmayan həkimin və ya jurnalistin "Facebook”da bir-birilərini təhqir etməsinin özü səviyyəsizlikdir”.

Baş redaktor qeyd edib ki, sosial şəbəkədə özünü apara bilməyənlərə görə heç bir tədbir görülə bilməz və heç lazım da deyil: "Facebook” şəbəkəsində bu cür bir-iki səviyyəsiz insanın özünü orda apara bilməməsinə görə Azərbaycan "Facebooku”u bağlamasalar yaxşıdır”.
 
 
 
 
Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu isə bildirib ki, jurnalistləri təhqir edən ağxalatlıları bütün səhiyyə sisteminin nümayəndələri kimi təqdim etməyə ehtiyac yoxdur: "Həmin fikirlərə görə bütün həkimlər deyil, məhz o adamlar məsuliyyət daşıyırlar. Amma bütün bunlarla yanaşı hamıya bəllidir ki, Azərbaycanda ən bərbad sahələrdən biri səhiyyə sistemidir. Bu sahənin bərbadlığıdır ki, Azərbaycan sərhədlərini keçənlərin az qala 90 faizi xəstə adamlardır". 

Baş redaktor fikrincə, insanların öz şəfasını başqa ölkədə tapmaq əminliyindən dəhşətli bir hiss yoxdur: "Həkim səhlənkarlığı, həkim qəssablığı, həkim acgözlüyü, həkim savadsızlığı ucbatından elə gözümüzün önündə minlərlə nümunələrə rast gəlmək olur. Belə olan halda bu sahənin adamlarının jurnalistlərin əleyhinə fikir söyləmələri, onları səriştəsizlikdə, savadsızlıqda suçlamaq artıq şəxsiyyət və əxlaq problemidir".
 


Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb