"Başda Cavid Hüseynov olmaqla bu 5 nəfərin hamısı bizim üçün cinayətkar, qatildir" - MÜSAHİBƏ

15:25 | 27.08.2015

"Başda Cavid Hüseynov olmaqla bu 5 nəfərin hamısı bizim üçün cinayətkar, qatildir" - MÜSAHİBƏ

Bu günlərdə ANN.TV-nin əməkdaşı Rasim Əliyevin qətlə yetirilməsi faktı üzrə həbs olunan, "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynovun ailə üzvləri mətbuata çıxıb və açıqlamalar veriblər. Futbolçunun yaxın qohumları - anası  Xalidə Hacıyeva, qardaşı Şərafəddin Hüseynov, dayısı Rantiq Hacıyev, futbolçunun atasının silah yoldaşı, müharibə veteranı Vaqif Əlisoy bu hadisədə Cavidin heç bir günahının olmadığını, ümumiyyətlə, hadisə haqqında Hüseynovun xəbərsiz olduğunu, Rasim Əliyevə ağır zərbələr endirən bibisi oğlu Elşən İsmayılovla 23 ildə cəmi 2 dəfə əlaqəsinin olduğunu və s. fikirlər səsləndiriblər.

ANN.Az xəbər portalının əməkdaşı C.Hüseynovun yaxınlarının ortaya qoyduqları arqumentləri Rasim Əliyevin yaxınları - atası Məmmədəli Əliyev, anası Teyfurə Əliyeva və sevgilisi Gülər Abbasova ilə bir daha müzakirə edib. Aldığı ağır bədən xəsarətlərindən sonra avqustun 9-da xəstəxanada vəfat edən Rasim Əliyevin yaxınlarının dediklərini, hadisənin necə cərəyan etdiyini bir daha onların öz dilindən eşidək:

Bu cinayətdə əsas günahkarlardan birincisi məhz Cavid Hüseynovdur...
 
 

Məmmədəli Əliyev (Atası): - Məlum səbəbdən Cavid Hüseynovla oğlum arasında mübahisə yaranıb və ondan sonra bu hadisə baş verib. Hadisə baş verməmişdən əvvəl Cavid oğlumla bir neçə dəfə danışıb. Gah onu Razinə çağırırdı, gah şəhərin mərkəzində bir yerdə oturub söhbət etməyə dəvət edirdi. Amma Rasim bunlarla razılaşmır, deyirdi ki, ehtiyac yoxdur. Bu dəqiq faktdır ki, Cavid Rasimlə hələ o, evdə olan zaman telefonla əlaqə saxlayıb və deyib ki, uşaqlar gəlib sənlə danışmaq istəyir. Bu danışıq onlar arasında olub və yəqin ki, bu deyilənləri istintaq da araşdıracaq. 

Rasimin evdə bizə dediklərindən məlum olurdu ki, oğlumuz bu məsələ barədə ancaq Cavidlə söhbət edib. Bir neçə dəfə telefonla danışıblar, aralarında olan anlaşılmazlıq aradan qalxıb və Rasimlə Cavid öz aralarında, necə deyərlər, sülh bağlayıblar. Buna baxmayaraq, Cavid Rasimə təklif edib ki, Elşən İsmayılov onu təhqir etdiyinə görə üzr istəməlidir və gərək görüşsünlər. Rasim dəfələrlə buna ehtiyac olmadığını desə də, artıq aralarında olan problemin həll edildiyini söyləsə də, Cavid əl çəkməyib eyni bölgədən - Cəbrayıl rayonundan olduqlarını-filanı dilə gətirməklə, sadəcə uşaqların gəlib üzr istəyəcəklərini bildirməklə Rasimdə arxayınlıq yaradıb və onun uşaqlarla görüşüb çay içməyə razı salıb. 

Rasimin anası Rasimin Cavidlə evdə olan danışığına şahid olub. Bütün bunlara aldanan və Cavidin səmimi olduğuna inan Rasim uşaqlarla görüşə razılaşıb və "Bayıl” marketin qarşısında görüşüblər. Və məlum hadisə baş verib. Mən öz oğlumu tanıyıram. Əgər Rasim bilsəydi ki, orada dava-dalaş, savaş olacaq qətiyyən ora getməzdi. Buna tam əminliklə deyirəm. Mənim dediklərimi o da sübut edir ki, Cavid buna qədər dəfələrlə Rasimi dostları ilə, özü ilə görüşə dəvət etsə də o, bundan imtina edib və hər dəfə belə bir görüşə ehtiyac olmadığını bildirib. Bütün əlimdə olduğu faktlara və gözümün qarşısında baş verən hadisələrə istinad edərək deyirəm ki, bu cinayətdə əsas günahkarlardan birincisi məhz Cavid Hüseynovdur. 

Heç bir valideyn övladına pis deməz...

Heç bir valideyn - istər ana, istə ata, yaxud yaxın qohum - dayı, əmi, xala. bibi olsun,  öz övladı barədə pis fikir söyləməz.  Mərd insanın ən təqdirəlayiq hərəkəti, böyüklüyü onda özünü biruzə verir ki, öz günahını boynuna alır, hər şeyi olduğu kimi etiraf edir. Çox təəssüf ki, indiki zəmanımizdə bu cür mərdlər yoxdur. Əksinə, insanlar günahlarını boyunlarına almağı özlərinə qarşı alçaqlıq hesab edirlər. Fikirləşirlər ki, insanın üzr istəməsi və olanları boynuna almasının özü böyük bir yanlışdır. Ataların bir misalı var, heç kim öz ayranına turş deməz. Hamı bu sözü deyir ki, mənim övladımın günahı yoxdur. 

Bu hadisədən sonra, adlarını çəkməyəcəm,  tutulan şəxslərdən ikisinin valideyni bizim evə gəldi və bizə deyirlər ki, bizim övladlarımızın günahı yoxdur. Valideynin biri bildirir ki, mənim oğlum namaz qılır, oruc tutur və ona görə də belə bir hərəkət eləməz. Məgər kiminsə dindar olması ona əsas verir ki, o, belə bir hərəkət eləməz?! Ortada fakt vae və fakt odur ki, onlar mənim oğlumu döyərək qətlə yetirdilər. 

Cavidin günahı olmasayadı bu qədər müddət həbsdə saxlanılmazdı...

Cavid Hüseynovun ailəsinə demək istərdim ki, Cavid günahkar olmasaydı, onu bu qədər müddət həbsdə saxlamazdılar. Belə danışıqlara, yəni Cavidin bu işdə günahı-zadı yoxdur kimi sözlərə heç bir ehtiyac yoxdur. Başda Cavid Hüseynov olmaqla bu 5 nəfərin hamısı bizim üçün cinayətkar, qatildirlər. 

Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm...

İlk öncə bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Şəhidlər torpaq uğrunda mübarizə aparıb , məhz bu səbədəndə dünyadan köçüblər. Bu birmənalı olaraq başa düşüləndir. Amma bir insan cinayət edirsə, ona həmin şəxsin atasının şəhid olması əsas vermir ki, hansısa üstünlüyə sahib olsun və "mən şəhid oğluyam və bu cinayəti eləməmişəm” desin.  Allah qəni-qəni Cavid Hüseynovun atasına rəhmət etsin. Həmin şəxs bizlər üçün də böyük bir insandır. Amma bu heç bir əsas vermir ki, oğlu hanısa cinayət törətsin, atasının şəhidlik adından istifadə edib istədiyini edə bilsin. Əgər Cavid şəhid atasının adını uca tutmaq istəyirdisə, gedib düşmənlə mübarizə aparardı. Rasimə qarşı olunan hərəkətləri gedib düşmənimiz ermənilərin üzərində edərdilər. Hamının, hər kəsinin atası, babası hansısa titulla, medalla mükafatlandırıla bilər. Amma bu bizə əsas vermir ki, biz hansısa başqa nalayiq hərəkəti edək. Çünki bu titul ataya verilib, heç kimin hüququ da yoxdur ki, bundan istifadə etsin. Ata var, övladı yaxşı olur, özü pis, ata da var, özü qızıl kimi insan olsa da övlad mundar birisi olur. Atalarmızın da bununla bağlı iki məsəli var: "Ot kökü üstə bitər”, ya da "Oddan kül törəyər” 

Rayon yerlərində əvvəllər belə şey var idi. Hansısa adlı-sanlı atanın övladı xırda bir səhv edirdisə, ağsaqqallar toplaşıb bu övladı xırda bir səhvini atasının ad-sanına görə bağışlayardılar. Amm aona öyüd-nəsihət də verərdilər ki, atasının ad-sanını batırmasın. Bu isə başqa söhbətdir. Cinayətkar həmişə öz cəzasını almalıdır. Mən Cavid Hüseynovun ailəsini tanımıram və onların ailə üzvlərindən heç kimi günahlandırmıram, amma bu məsələdə Cavidin günahkar olmasını dəqiqliklə deyə bilərəm. Fakt budur ki, bu hadisə baş verib və mən gənc oğlumu itirmişəm. Mənim 59 yaşım var. Tək övladımı itirdim, bu vaxtdan sonra kim üçün yaşamalıyam? Necə yaşamalıyam? Özlərini qoysunlar mənim yerimə. Bacararlarmı? Tək bir oğlum var idi, onu da itirdim, indi neynəyim mən? Oğlum indi həyatda yoxdur, soyadımı davam edirəcək tək varlığım indi həyatda yoxdur.  Bu dərd elə bir dərddir ki, silinəsi, gedəsi dərd deyil. Bu dərd ölənə qədər mənim üzərimdə qalacaq. Cavidin ailəsi çalışacaq ki, onu günahsız olduğunu sübuta yetirsinlər, amma hər şey göz qabağındadır. Mən Cavid Hüseynovu cinayəti bilib gizlətmə maddəsi ilə deyil, cinayətin törədilməsində rəhbərlik etmə, başçılıq etmə maddəsi ilə cəzalandırılmasını istəyirəm, bunu tələb edirəm. Tək istəyim odur ki, lazimi qaydada bu iş araşdırılsın, kimin günahı varsa, oda cəzasını çəksin.   

Heç kim öz ayranına turş deməz...
 
 

Teyfurə Əliyeva (Anası): - Əlbəttə, oğlunu müdafiə etməkdən ötrü Cavidin anası oğlunun günahsız olduğunu deyəcək. Cavidi bu vəziyyətdən çıxarmaq üçün istər anası, istər dayısı, istərsə də qardaşı bu fikirləri deməlidirlər. Bu vaxta qədər mən nə Cavidi, nə də Elşəni tanımamışam. İnanmıram ki, Rasim də bu hadisəyə qədər onlardan kimisə tanısın. Ancaq Rasim evdə otura-otura Cavidin ona zəng etməsi, Elşən İsmayılovun onu təhqir etməsi bütün bu hərəkətlər göstərdi ki, onlar insan deyillər. Əgər Rasimin yazdığı söz Cavidin xoşuna gəlmirdisə o başqa yolla Rasimlə aralarında olan anlaşılmazlığa aydınlıq gətirə bilərdi. Əgər anasının, qohumlarının tərif etdiyi kimi tərbiyəli, əxlaqlı bir insan idisə, hüquq-mühafizə orqanlarına müraciət edərdi və Rasimdən şikayətçi olardı. Yoxsa "vor-zakon” kimi məsələni niyə özü həll etməyə çalışırdı?! Cavid Rasimi adlatmaqdan ötrü xoş danışıb ki, o uşaqlarla görüşsün və onu döydürtsün. Cavid özü təkrar-təkrar Rasimə zəng edirdi ki, Rasim o uşaqlarla görüşsün. 

Bəzən yaxşı atanın pis övladıda olur...

Yaxşı kişinin bəzən pis övladıda olur, bəzən də pis kişinin yaxşı övladı, qeyrətli övladı ola bilər. Əgər Cavid atasının şəhid olmasının adını daha da yüksəklərə qaldırmaq istəyirdisə, o özü erməniləri belə döyməli idi. Rasimə vurulan o təpikləri ermənilər vurdurmalı idi.  Beləliklə də atasının ermənilərdən qanını ala bilərdi. Nəinki onu tərbiyəyə çağıran Rasimimə belə bir plan qurub döydürməzdi. Mən bu sözləri qulağımla eşitmişəm ki, Cavid özü Rasimə dedi ki, uşaqlar gəlib sənlə görüşmək istəyir, sən də gəl. Rasim Cavidə inanıb o görüşə getdi. Rasim qapıdan çıxanda dedi ki, biz Cavidlə kişi söhbəti etmişik, gəlirlər məndən üzr istəməyə. O uşaqlara qalsaydı, Rasim evdən çıxmayacaqdı, bunu Cavid etdi. Rasimin o cür - insanların çox olduğu yerdə döyülməsi, öz yaşadığı məhəllədə guya ki, cəzalandırılması Cavidin planı olub, buna əminəm və bu onun necə əxlaqsız, tərbiyəsiz bir insan olduğunu göstərir. 

Caviddə Ramil kimi Cəbrayılın adını ucaldardı, batırmazdı...

Cavidin atasının şəhid olması ona əsas vermir ki, Cavid gedib adam öldürsün, yaxud adam döydürsün. Cavid əgər şəhid oğludursa, gedib qisasını ermənidən alardı. Ramil Səfərov kimi bayrağımızı uca tutaydı, qeyrətli oğul olaydı da. Ramil Səfərov kimi Cəbrayılın adını ucaldaydı. Həmişə demişəm, indi də deyirəm, Ramil Cəbrayılın adını nə qədər ucaltdısa, Cavid də o qədər aşağı endirdi.  Cavid sənin oturub-durduğun uşaqlarda sənin hansı tərbiyədə insan olduğunu bir daha göstərdi. Eşitdiyimə görə o 5 nəfərdən bəziləri əvvəllər bıçaqlanmaya görə polis nəzarətinə alınıblar. Bu da o deməkdir ki, səndə onlardan birisən. 

Cavidin anası mənim yerimdə olsaydı nə deyərdi...

Cavidin anası özünü qoysun mənim yerimə. Əgər onu oğlu da Rasimim kimi olsaydı, o bu halında nə deyə bilərdi? Mənim yerimə olsaydı, nə deyərdi?  

Əgər Cavidin bibisioğlu ilə əlaqəsi yox idisə, niyə o qarışdı məsələyə...
 
 

Gülər Abbasova (sevgilisi): - Cavidin anası qəzetlərə verdiyi müsahibəsində deyib ki, oğlunun bu məsələdən xəbəri olmayıb, həmin hadisə baş verəndə evdə imiş. Cavid həmin gün evdə olmayıb axı... çünki hamı yaxşı bilir ki, hadisə baş verən axşam, Rasim xəstəxanada olanda Cavid ora, onun yanına gəlib. Amma anası bu cür demir. Bu məsələdən ümumiyyətlə xəbəri yoxdur deməsi isə tam ağ yalandır. Çünki Cavid özü telefonla Rasimlə danışıb. Bunu Rasimin anası eşidib. Həm Elşən İsmayılov, həm də Cavid Rasimlə danışıblar. Ortada bu qədər faktlar olduqdan sonra Cavidin ailəsi hansı əsasla onun  gühansız olduğunu deməyə cürətləri çatır? "Cavidin xəbəri olmayıb”, "Cavid Rasimlə danışmayıb”, "Cavidin günahı yoxdur” kimi sözlərə ehtiyac yoxdur. 

Cavidin ailəsi müsahibə zamanı bildirib ki, Cavidin bu 23 ildə bibisi oğlu Elşənlə əlaqəsi olmayıb. Əgər mənim bibimoğlu ilə əlaqəm yoxdursa, onu haqqında deyilənlərdən mənə nə? Mən niyə ona görə gedib kimisə döyüb öldürürməliyəm ki? Cavidin ailəsinin onun haqda danışdıqlarının hamısı cəfəngiyyatdır. Necə ki, Rasimin həkimləri onun haqqında yalan cəfəngiyyat söyləyirlər. 

Harda deyilib ki, şəhid oğlu adam qatil ola bilməz... 

Nə fikirdi ortaya atıblar ki, şəhid övladı qatil ola bilməz. Bu mənə qətiyyən çatmır. Şəhid oğlu belə mərd igid idisə, gedib xidmətini davam etdirib qisasını düşmənlərindən alardı. Cavid özü yaltaqlanmaq üçün öz bayrağını büküb türk bayrağını açmışdı ki, 3-5 türk onun haqda müsbət fikir söyləsin??? Şəhid oğlu ilk növbədə öz bayrağına hörmət edər. Bəlkə də soruşsan bayraqda olan rəmzlərin mənasını bilmir, amma əllərində bayraq gəzdirirlər. 

Rasim fakt olaraq son müsahibəsində hər şeyi dedi...

Rasim özü son müsahibəsində hadisələrin necə, hansı sür baş verdiyini, cərəyan etdiyini deyib. Ən azında Cavidin ailəsi o video-müsahibəyə baxıb bu qədər cəfəngiyyat, yalan danışmasınlar. Əminəm ki, onların heç birinin Rasimin verdiyi son müsahibədən xəbəri yoxdur. Necə ola bilər ki, onlar bunu təkzib edə bilirlər? Mən Rasimin dediklərinin hamısına inanıram. Rasim özü yaxşı jurnalist olub ki, son müsahibəsində hər şey ətraflı şəkildə deyib. Rasim fakt, sübut olaraq hər şeyi qoyub getdi. 
 
Cavidin ailəsi Rasim üçün ağladığını deməsin...

Sonda onu demək istərdim ki, heyf onun atasından ki, onun belə namərd oğlu qalıb. Cavidin etdiyi bu hərəkət yəqin atasının qəbirdə sümüklərini sızladır. Cavidin qohumları da onun bu hərəkətindən utanmalıdırlar. Hardasa deməsinlər ki, bizlərdə Rasim üçün ağlayırıq. Rasim üçün ağlayanlar var, siz öz övladınızın bucür insanlığa sığmayan əməl törətdiyinə görə ağlayın.

Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Rəsmi məlumata görə, müəyyən edilib Cavid Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "Facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib. Bundan sonra C.Hüseynovun bibisi oğlu, Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev,  Kənan Mədətov və  Samir Mustafayevlə birlikdə avqustun 8-də onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Həmin şəxslər Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə təqsirli bilinib və barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM