Onun sözlərinə görə, rəhbərliyin fakta əsaslanmayan ittihamlarına məruz qalsa da, olay həm tələbələr tərəfindən, həm də elə ictimaiyyət tərəfindən müsbət qarşılanıb.
"Dekan müavini sübutsuz formada məni ittiham edəndə, yanıma gəlib "yaxşı eləmisən" deyən tələbələr belə oldu. Dərsə girən müəllimlər və ya sosial şəbəkələrdə yazanlar da çox yaxşı rəy verir”, - deyə Rüstəm bildirib.
BDU tələbəsi deyir ki, tələb ümumi tələbdir. Çünki Azərbaycanda təhsil haqqları çox yüksəkdir.
Onun sözlərinə görə, Türkiyədə dövlət universitetində ucuz fakültələrin illik ödənişi minimal aylıq əmək haqqının yarısı qədərdirsə, bizdə ən aşağı qiymət aylıq minimal əmək haqqının 4 mislinə bərabərdir.
"Tələb ümumi tələbdir. Çünki Azərbaycanda təhsil ödənişi çox yüksəkdir. Türkiyədə dövlət universitetində ucuz fakültələrin illik ödənişi minimal aylıq əmək haqqının yarısı qədərdirsə, bizdə ən aşağı qiymət aylıq minimal əmək haqqının 4 mislinə bərabərdir. Buna görə də şikayətçilər çoxdur, amma ölkədəki ümumi apolitizmə görə səsini çıxaranlar ancaq bir qrup olur. Hər halda bir az zaman lazımdır”, - deyə o, bildirib.
Əməkdaşımızın "Konkret olaraq təhsilin pulsuz olması lazımdır, yoxsa dövlət hər hansısa tələbə kreditlərini bərpa edib və ya özəl sektorun təqaüdlərə marağını artırıb bu məsələni kompensiasiya edə billər?” sualına isə, İsmayılbəyli belə cavab verdi: "Mən özəl sektorun təqaüdünü o qədər də faydalı hesab etmirəm. Çünki şirkət gəlir əsaslı işləyən bir qurumdur və təqaüd verəcəyi adamın qarşısına xeyli tələb qoya bilər. Amma dövlətin qarşıladığı ödəniş xalqın, o tələbənin özünün ödədiyi vergilər əsasında qurulur və dövlətin heç bir qurumu buna görə tələbəyə hansısa məsuliyyət yükləyə bilməz".
"Ali məktəbə qəbul olmuş hər kəsin tamamilə ödənişsiz (alt qrup, kitab, yol və s.) təhsil alma haqqı var, çünki biz bu dövlətin vətəndaşıyıq və bu dövlətin büdcəsi cəmiyyətimizin ödədiyi vergilər əsasında qurulub. Deməli, o vergilər də ölkənin gələcəyinə - yeni nəslə xərclənə bilər. Tələbənin təqaüd alması isə, onun qiymətlərindən yox, iqtisadi vəziyyətindən asılı olmalıdır. Biz təhsil alırıq, realiti-şou müsabiqəsində deyilik. Avropadakı sosial dövlətlərin hamısında belədir ki, tələbənin iqtisadi vəziyyəti universitetə gəlməyə, qidalanmağa, ev tutmağa və s. çatmırsa, ona avtomatik təqaüd təyin olunur. Yoxsa "x” qədər bal topla demək, təhsil dediyimiz prosesin fəlsəfəsinə ziddir”, - deyə Rüstəm İsmayılbəyli bildi.
Bakı Dövlət Universiteti də universitetin divarlarından asılan afişa ilə bağlı açıqlama yayıb.
Universitetin açıqlamasında bildirilir ki, Bakı Dövlət Universitetində ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
"Belə ki, ölkə Prezidentinin müvafiq sərəncamına və qanuna uyğun olaraq təhsil aldığı müddətdə məcburi köçkün statusu olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr, şəhid ailəsi statusunu almış ailənin üzvləri olan tələbələr, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil haqqından azad edilirlər.
Bu kateqoriyaya aid olan 2327 nəfər tələbə də təhsil haqqından azaddır. Həmçinin BDU-da təhsilin bütün pillələri üzrə 11779 nəfər təqaüd alır. Eyni zamanda 2019-cu ilin may ayından etibarən BDU-nun rəhbərliyinin qərarı ilə burada təhsil alanlar təhsil haqqını tam və ya tədris ilinin sonunadək hissə-hissə ödəyə bilərlər”, - deyə Bakı Dövlət Universitetinin açıqlamasında bildirilib.
Bakı Dövlət Universitetində hazırda 21842 nəfər
bakalavr, 1553 magistr, 700 nəfər doktorantura pilləsində təhsil alır. Onlardan
11834 nəfəri və ya 54,18 faizi dövlət sifarişli plan yerlərinə qəbul olunduğu
üçün ödənişsiz əsaslarla təhsil alır. 2019-cu ildə dövlət sifarişli plan
yerlərinin sayı ötən illə müqayisədə 2059 nəfər artıb.
Artıq uzun müddətdir Azərbaycan təhsilinin əsas problemlərindən biri də, təhsil haqqıdır. Son 5 il ərzində minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün, təhsilini yarımçıq qoymalı olub. Bu problem zaman – zaman ictimayət tərəfindən qaldırılıb, problemin həlli yolunda konkret təkliflər verilib, lakin, görünür dəyişən heç nə yoxdur.
Həzi
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !