Rüstəm Qasımov
ANN.Az-ın istedadlı azərbaycanlı rəssam Bəhruz Kəngərli ilə müsahibəsi
- Gəlin belə bir sualla başlayaq: Ailənizdə sizdən başqa rəssam varmı?
- İş burasındadır ki, rəssamlığa ailəmizdə həmişə xüsusi həssaslıqla yanaşılıb. Atam Hafiz Kəngərli Ə.Əzimzadə kollecini bitirib, ancaq sonradan başqa sahəyə üz tutub. Kəngərli nəsli bəylərdən gəlir və bizim familyamız çox nadir və bir nəslə mənsubdu. Babam cərrah olub, amma rəssamlıqla da məşğul olub, hətta onun akvarellə çəkilmiş rəsm albomu belə qalıb. Bu rəsmlər əfsanəvi azərbaycanlı rəssam və qrafik, ölkəmizdə peşəkar vizual incəsənətin əsasını qoyanlardan biri Bəhruz Kəngərlinin üslubundan ilhamlanaraq çəkilib, mənim adım da onun şərəfinə qoyulub (gülür).
- Sizin rəssamlıqla tanışlığınız neçə yaşınızda olub?
- Mən uşaqlıqdan rəsm çəkməyi sevirdim. Ancaq uzun müddər idman və rəssamlıq arasında qalmışam. İdman da məni cəlb edirdi. Mən uzun müddət tərəddüd elədim. Deyə bilmərəm ki, mən ilk baxışdan rəssamlığa vurulmuşdum, idmana olan marağım bunun qarşısını alırdı. Mən çox aktiv, dinamik uşaq idim, adrenalini və drayvı sevirdim, bunu isə rəssamlıqda tapa bilmirdim. Ancaq sənəti seçməklə səhv etmədim, axı bu da bir növ idmandır, burda sən özünün rəqibi, məşqçisi, fanatı və hakimisən.
- Bəs atanızın bu məsələdə mövqeyi necəydi?
- O hər zaman hər məsələdə məni dəstəkləyib. Mənə müəllimlik eləməklə, həmişə lazımlı məsləhətlər verib. Moskvada soyuqdan dona-dona həftələr boyunca muzeydən muzeyə getməyimiz yadımdadır. Peşəkar olduğundan o tezcə anladı ki, məndən qrafik çıxmaz, ancaq rəssamlıqda özümü tapa bilərəm (gülür). O dövrdə mən artıq sərgilərə, vernisajlara baş çəkməyi sevirdim. Bu məkanlardakı mühitdən, bir vaxtlar ziyarətçilərin sənin də şəkillərinə baxa biləcəyi fikrindən heyran olurdum. "Yaxşı pul qazanmaq üçün şəkil çəkib varlanaram” – kimi fikir məni heç vaxt cəlb etməyib. Məncə, qarşısına pul qazanmağı qoyan adam sənətlə məşğul olmasa yaxşıdır. Ondan yaxşı biznesmen çıxa bilər, amma çətin ki, yaxşı rəssam oldu. Tamaşaçıların diqqəti sənin zəhmətin, yuxusuz gecələrin və yaradıcı əzabların üçün ən böyük mükafatdır, əlbəttə, rəssam mövcud olmalı deyil, yaşamalıdır, buna görə də pul hamı kimi ona da lazımdır. Mən bu qənaətlə yaşayır və buna inanıram. İncəsənətə sevgi zamanla yaranıb. Yavaş-yavaş mən ona dalmağa başladım və bu sevgi böyüməyə başladı. Beləliklə, 8-ci sinifdə Ə. Əzimzadə kollecinə daxil oldum.
- İlk sərginizi xatırlayırsınızmı?
- "BP”-nin təşkil etdiyi gənclər üçün art-festivalda qalib gələndə gənc idim. Bir müddətdən sonra "BP”-də fərdi sərgim açıldı. ARDNŞ-dəki fərdi sərgim də çox uğurlu alınmışdı. Orada ilk rəsmimi satanda 15 yaşım vardı (gülür).
- Ancaq Ə.Əzimzadə də əldə etdiyiniz biliklər sizə azlıq elədi və Siz özünüzə pedaqoq tapmaq qərarına gəldiniz?
- Siz haqlısınız. Mən təsviri incəsənəti hərtərəfli və maksimal şəkildə yaxşı öyrənmək istəyirdim. Ona görə də nəinki pedaqoq tapmaq, hətta mənə kömək edəcək əsl rəssam tapmaq qərarına gəlmişdim. Mən atama müraciət etdim, o məni başa düşdü. Beləliklə, mən bir neçə il rəssamın şagirdi kimi çalışdım. Mənə usta-quru lazımıydı ki, zəif və güclü tərəflərimi tapım və hansı istiqamətdə işləyəcəyimi müəyyənləşdirim. Bir sözlə, bütün bunlar öz yolumu tapmaq üçün idi...
- Sizin yaradıcı sınağınız necə keçdi?
- Mən klassik realizmi yaxşı öyrənmək istəyirdim. Əminəm ki, modernizmi və digər cərəyanları mənimsəmək üçün realizmi yaxşı bilmək lazımdır, lazımi biliklərə yiyələnəndən sonra isə eksperiment etmək olar. Akademik rəsmin baza və əsaslarını bilmədən, yeni nəsə yaratmaq mümkün deyil, yoxsa bu, əlifbanı bilmədən mətn yazmağa cəhd etmək olardı.
Realizmi mənimsəyəndən sonra, mən ondan uzaqlaşmalıydım, ancaq bunu etmək lazım olanda, məndə alınmadı (gülür). Mənim vəziyyətimi təsəvvürünüzə gətirin. Məlum oldu ki, geriyə yol daha çətinmiş, nəinki irəli getmək.
Ancaq daimi işləməyin, özüm və başqalarının qarşısındakı məsuliyyət sayəsində bu vəziyyətdən çıxa bildim.
- Kolleci bitirəndən sonra Rəssamlıq Akademiyasına daxil oldunuz. Bura daxil olmaq sizinçün çətin olmadı ki?
- Əvvəlki əziyyətim öz bəhrəsini verdi: mən akademiyaya yaxşı balla ödənişsiz fakültəyə daxil oldum. Mən o qədər şəkil çəkirdim ki, bu gün xatırlayanda heyrətlənməyə bilmirəm, mən demək olar ki, emalatxanada yatıb-dururdum.
Yeri gəlmişkən, akademiyaya mən kollecdə bir oxuduğum uşaqlarla birgə daxil oldum. Bunun da sayəsində eyni fikirli insanların gözəl mühiti yaranmışdı. Namiq Məmmədov, Səlhəb Məmmədov kimi müəllimlərə də öz xüsusi təşəkkürümü bildirmək istəyirəm. Ancaq rəssam olmaq də emalatxanada çıxmamaq və dayanmadan çəkmək də kifayət etmir...
- Nəyi nəzərdə tutursuz?
- Rəsmlərinin maraqlı və orijinal olması üçün intellektual inkişaf da labüddür. Rəssamın dünyagörüşü və daxili aləmi onun yaradıcılığında özünü göstərir. Əgər için boşdursa, kətanda nəsə çəkə bilməzsən. Qısaca desəm, mən əminəm ki, rəssamın uğuru onun üzərindəki işindən və mənəvi inkişafından çox asılıdır. Bilik qazanmaq və onu təcrübədə həyata keçirmək rəssamı irəli aparır. Bu isə mütaliə ilə əldə edilir...
- Bu gün nə işlə məşğul olursunuz?
- Hazırda mən akademiyada magistraturada təhsil alıram, emalatxanada işləyirəm, öz daxili aləmimi kətanlara köçürürəm. Bu prosesi izah etmək çətindir. Müxtəlif qalereyalarda sərgilənirəm, ancaq əsasən "Qız Qalası” qalereyası ilə əməkdaşlıq edirəm. Mən bu kimi art-layihələr, tədbirlər və sərgilərdə iştirak etmişəm: «BP Art Festival, Baku, Azerbaijan (2005-2006)», solo exhibition, SOCAR Art Exhibition (2009), «Art Ist» Ankara, Turkey (2010), group exhibition, «Diazepam» (2011), «СтилАрт», Kiev, Ukraine (2011), «AzNar», Saint-Petersburg, Russia (2012), «Mimar Sinan», Istanbul, Turkey (2012), «Khojaly», Berlin, Germany (2013), solo-exhibition, Baku Creative Centre (2013), BCC group exhibition, «Katalizator» (2013), «Face Control» solo exhibition, Kicik GalArt (2015), «Yarat & Behance Online Portfolio review» (2015).
- Bəhruz, bəs tənqidə münasibətiniz necədir?
- Mən tənqiddən qorxmuram, onun qarşısında deperssiyaya düşməkdənsə, nəticə çıxarmağı üstün tuturam. Tənqid yaradıcılığın lokomotividir, insana fərdi inkişafdan dayanmağa imkan vermir. Mən dəfələrlə öz işlərimi bizim məşhur rəssamlarımıza göstərmişəm. Onlar mənə zəif və güclü cəhətlərimi deyiblər. Yeri gəlmişkən, rəssamların fikriləri müxtəlif işlərdə haçalanıb. Eləsi var deyib, hər şey əladır, qaydasındadır, şəkil hazırdır. Digər rəssam isə əlavələr eləməyi məsləhət bilib. Bu mənə peşəkar inkişafda çox kömək edib. Tənqid məni sındırmayıb, çünki mənim məqsədim var, ona görə də çubuq kimi sına bilmərəm.
- Öz üslubunuz barədə danışardız, nəylə işləməyi sevirsiz və hansı cərəyanı üstün tutursuz?
- Mən eksperiment etməyi sevirəm. Qarışıq tematikanın tərəfdarı kimi mən öz işlərimdə yağlı boyayla akrili qarışdırıram ki, istənilən effekti ala bilim. Hər bir rəng öz xüsusiliyi və xarakteristikasıyla fərqlənir. Vacib olan onlardan öz niyyətini reallaşdırmaq üçün düzgün istifadə etməyindir. Rəsmlərimə müəyyən kalorit əlavə etməyi sevirəm. Hər rəssam tamaşaçını özünəməxsus formada cəlb edir. Kimisi tematikanı, kimisi rəngləri, digərisə texnikanı əsas götürür. Mənsə bu üç aksenti qarışdırmağa çalışıram. Cərəyana gəldikdə isə mən abstrakt, realizm və modernizm elementlərinə fiqurlu şəkillər əlavə edirəm. Mənim yaradıcılığım əsas elementlərindən biri gender fərqliliyindən qaçmağımdır. Obraz yaradarkən mən onun kişi, qadım, uşaq və və yaşlı olduğunu vurğulamaqdan qaçıram. Bunu fərqləndirməyi tamaşaçıya həvalə edirəm, çünki hər kəs rəsmi öz biliyi kimi qavrayır.
- Bəs süjet məsələsi?
- Əsas – rəssamın müxtəlif obrazlılığı və hərtərəfliliyidir. Təkcə bir şeyə köklənmək olmaz! Məni mistika, fəlsəfə, mif, əfsanə cəlb edir və bunlar yaradıcılığımda öz əksini tapır. Sehrbaz niyə öz sehrini açmalıdır və rəssam heç kim onu anlamırsa, niyə rəsm çəkməlidir?! Rəssamların yaradıcılığı tamaşaçılar üçün müəyyən mənada gizli qalmalıdır, əgər hər şey aydındırsa, bu həmişə maraqlı deyil. Nəyisə müəmmalı qoymaq çox vacibdir. Bundan başqa, perspektivi olan rəsm qiymətləndirilir. Əks təqdirdə uğura ümid etmək çətindir. Rəsmin tamaşaçının fantaziyasını canlandırması yaxşıdır. Mənim yaradıcılığımda dini mövzu da tez-tez öz əksini tapır. Mən dindar deyiləm, ancaq Yaradana inanıram və bütün dinlərə hörmətlə yanaşıram.
- Özünüzün məşhur portret seriyanız barədə danışardız? Niyə görə məhz portret, onlar hansı cərəyan üzrə çəkilib?
- Bizim rəssamların işlərini müşahidə edəndən sonra fərqinə vardım ki, Tahir Salahovdan sonra bizim korifeylərimizin şəkillərini çox az adam çəkib. Mən də öz töhfəmi vermək istədim və əfsanəvi azərbaycanlıların şəkillərini çəkdim. Bu gün bir çoxlarının Vaqif Mustafayevi, Qara Qarayevi, Şövkət Ələkbərovanı, Fikrət Əmirovu, Üzeyir Hacıbəyovu, Rastropoviçi və digərlərini tanımaması faktı məni işə sövq etmişdi. Portret seriyasının məqsədi vətəndaşların yaddaşını canlandırmaq, Azərbaycanı zirvələrə qaldırmış, onun şöhrətlənməsi üçün həyatlarını sərf edən insanların unudulmaması gərəkdiyini onlara çatdırmaq idi. Mən Vaqif Mustafazadənin qızğın pərəstişkarıyam, ona görə də onun portretini iki dəfə çəkmişəm, birisi qrafika, digəri rəsmdir. Qeyd edim ki, mən aylar ərzində ağır zəhmət bahasına 90 iş çəkmişəm, sərgidə isə onların 40-ı sərgilənib.
- Yaradıcılığınız üçün nə vacibdir?
- Yaradıcılıq üçün mənimçün sakitlik lazımdır, qeyri-stabillik, daimi stres, pul, xoşbəxtlik, sevgi qayğısı məni diz çökdürür və yaradıcılıqla məşğul olmağa imkan vermir. Bugünkü ədalətsizliklərlə bol dünyada çatışmasa belə, harmoniya mənimçün vacibdir... Ancaq parlaq gələcək ümidi məni tərk etmir...
- Bəhruz, maraqlı söhbətə görə təşəkkürlər. Biz sizə bol yaradıcılıq uğurları və ən prestijli sərgi salonlarında sərgilənməyi arzulayırıq.
- Rüstəm, maraqlı söhbətə və müsahibə əziyyətinə görə mən də sizə təşəkkür edirəm!
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !