Aqressiv münasibətlərin ən ağır nəticəsi qətldir. Qətl hadisəsini törədənin də, qatilin qurbanının da gənc, yeniyetmə olması artıq cəmiyyətdəki çatışmazlıqların xəbərçisidir.
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov və psixoloq Azad İsazadə ANN.Az-a açıqlamasında son zamanlar bu kimi hadisələrin baş verməsinin fonunda cəmiyyətin keçirdiyi təlaşın səbəblərini açıqlamağa çalışıblar.
Qeyd edək ki, ötən həftə sevgisinə qarşılıq vermədiyi üçün bıçaqlanaraq öldürülən Aytac Babayeva mövzusu cəmiyyət arasında böyük səs-küyə səbəb olub. Bu hadisə cəmiyyətdə geniş rezonans doğurub.
Psixoloq Elnur Rüstəmov hesab edir ki, bu məsələdə ən pis cəhətlərdən biri hadisə ilə əlaqəsi, haqqı olmayanların daha çox danışmasıdır: "Məsələni köklü surətdə araşdırılıb sonra onun haqqında fikir yürütmək lazımdır. Bu məsələnin psixoloji tərəfləri çoxdur və diqqət xüsusilə bura yönəlməlidir. Ən birinci valideynlər yeniyetmə psixologiyasını nəzərə alınmalıdır. Ən əvvəl valideyn öz uşaqlarının kimlərlə münasibət qurmasına, onlar arasında hansısa problemlərin olub-olmamasına diqqət etməlidirlər. Məhz bu cür məsuliyyətsizliyin nəticəsində də ailələr belə faciələrlə qarşılaşırlar”.
Ekspert bildirib ki, yeniyetmələrin öz aralarındakı problemi müzakirə yolu ilə həll etmək istəməməsi, səbəbsiz yerə ekstrim durum yaratmağa can atması faciələrə gətirib çıxarır: "Sanki onlar bu ekstrim vəziyyətlərdən zövq alırlar. Fikirləşirlər ki, bu çox yaxşı oyundur. Məsələn, gənc qızlar düşünürlər ki, əgər bir oğlan onun üçün özünü təhlükəyə atırsa, hətta ölümlə üz-üzə gəlirsə, deməli bu həqiqi sevgidir. Sevginin yenitmələr arasında bu cür sübutu həqiqətən də yanlış düşüncədir. Bu yanlış düşüncə vəziyyəti o qədər dəyişdirir ki, gənclər arasındakı balaca münaqişə böyük problemlə çevrilir və çox vaxt belə faciəli hadisələrlə nəticələnir”.
E.Rüstəmov psoxoloji problemlərin konkret situasiyalarda özünü göstərdiyini bildirib: "Nə oğlan, nə də qız əvvəlcədən belə bir hadisənin baş verə biləcəyini təxmin edə bilməzdilər. Hansı qərarın verilməsi yaşanan vəziyyətə uyğun verilən qərardır. Niyə görə deyirəm ki, bu hadisə haqqında biləndə danışır, bilməyən də? Belə bir rəy formalaşdırılır ki, bu gənc oğlanın sənəti bərbərlik imiş, əgər onun psixoloji problemi olsaydı, belə təmkinli işdə çalışa bilməzdi. Ola bilər ki, bir insan çox yaxşı bir saç ustası olsun, yaxud hamı onu haqqda müsbət fikirdə olsun, amma müəyyən situasiya yarandıqda o insan özünü idarə edə bilmir və hadisələr heç də yaxşı nəticələnmir. Burada söhbət psixoloji maariflənmədən gedir. Özünü müəyyən situasiyalarda idarə edə bilmədiyini görənlər, psixoloqlara müraciət edib, müalicə almalıdırlar”.
İnsanlar arasında bu cür halların artmasının səbəblərindən danışan psixoloq vurğulayıb ki, psixoloji problemlərin artması sadəca yeniyetmələr, uşaqlar, yaxud gənclər arasında müşhidə edilmir: "Eyni zamanda orta yaşlılar, yaşlı insanlar arasında da aqressiv davranışların çoxaldığını müşahidə edə bilərik. Eyni zamanda bu problemin tək Azərbaycanda deyil, dünyanın əksər ölkəsində olduğunu deyə bilərik. Çox təəssüf ki, bu problemlər artan sıra üzrə gedir. Buna təsir göstərən ən böyük problemlərdən bir texnologiyanın inkişafı, insanların komforta üstünlük verməsi, ani həzz almağa yönəlmələridir. Bu kimi hallar insanların əsəb sistemini pozur, narahatçılığı daha da artırır, insanların əsəb sistemini tamimlə pozur. Buna görə də vurğulayırıq ki, insanlar daha çox psixoloji sağlamlığının qeydinə qalmalıdırlar”.
Psixoloq Azad İsazadə də bu fikirdədir ki, aqressiv davranışların artması tək Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir: "Sözsüz ki, hansısa konflikt, mübahisə doğuracaq hadisə baş veribsə, biz adi adekvat reaksiya verməkdənsə qeyri-adekvat reaksiya veririk. Belə hadisələr baş verdikdən sonra isə özümüzə bəraət qazandırmağımız ən böyük səhvlərimizdən biridir”.
Belə qətllərin artmasının cəmiyyət üçün ciddi təhlükə yaradacağından söz açan psixoloq hesab edir ki, cəmiyyətdə qətl hadisələrinin törədilməsinin, faciələrin baş verməsini adi bir hadisə kimi qarşılanması artıq bir SOS-dur: "Çünki bu tək Aytacın ailəsinin deyil, bütün cəmiyyətin problemidir. Bu problem isə tək həmin ailə yox, bütün cəmiyyət həll etməlidir. Bu problemin həlli adi bir şəkildə yox, ibarətamiz şəkildə olmalıdır ki, bu hər kəsə nümunə olsun”.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !