"Bir çox ali təhsil müəsissələrinin maliyyə imkanları maaşların artırılması üçün yetərli deyil” – bu sözləri ANN.Az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert İlham Əhmədov deyib.
Bu gün təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasına gəlincə, təhsil mütəxəssisi bunu son 20 ildə müəllimlərin əmək haqqlarının çox aşağı olması ilə əlaqələndirib. O, maaşların sadəcə Dövlət İqtisadiyyat Universitetində deyil, həmçinin Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Tibb Universitetində, Azərbaycan Dillər Universitetində də artırıldığını bildirib: "Elə ali təhsil müəssisələri var ki, orada ödənişli təhsil haqları və bütünlükdə tələbə sayı azdır. Ona görə də həmin təhsil müəssisələri məhdud maliyyə imkanları səbəbi ilə istədiyi qədər maaşları qaldıra bilmir. Təbii ki, universitetlər arasında rəqabət var, hər bir universitet çalışmalıdır ki, bazara uyğun qiymətlər müəyyən etsin. Burada qiymət və təhsilin keyfiyyəti müəyyən nisbəti balans yaradır. Məsələn, Rusiyada belə qərar qəbul edilib ki, yaxın zamanlarda ali məktəb müəllimlərinin maaşı ölkə üzrə orta maaşdan iki dəfə yüksək olmalıdır. Bizdə də hazırda elə ali təhsil müəssisələri var ki, ölkə üzrə orta maaşdan iki dəfə yüksək maaş verə bilir, yəni orta aylıq maaş ölkə üzrə 400 manatdırsa, universitet 800 manat maaş verə bilir. Amma bəzi ali məktəblərinin bunu etməyə gücü yetmir".
Ali təhsil müəsissələrinin reklamlarının xəbər portlarında yerləşdirilməsi məsələsinə münasibət bildirən mütəxəssis vurğulayıb: "Hazırda bazar iqtisadiyyatı hökm sürür. Universitetlər qanun daxilində büdcələrinə əlavə maliyyə vəsaitləri qazana bilərlər. Dünyada bir çox universitetlər fəaliyyət xarakterinə görə "Sahibkar universitet” adlanır. Bu tip universitetlər elmi fəaliyyətindən, tədris fəaliyyətindən, innovativ fəaliyyətdən pul qazanırlar, texnoparklar yaradaraq innovativ sahibkarlıqla məşğuldurlar. Bu aspektdə universitet öz reklam fəaliyyətini də qura bilər. Bu universitetin marketinq fəaliyyətinin bir elementi sayılır".
Universitet öz strateji fəaliyyət istiqamətlərindən biri kimi təhsil marketinqi siyasətini formalaşdırmalı olduğunu bildirən İ.Əhmədov bu işdə fəal reklam siyasəti də aparmağı mümkün sayır: "Reklam yolu ilə həmin müəsissələr özlərinə tələbə toplayıb qazanc əldə edirlər. Amma dünya təhsil bazarında elə universitetlər də var ki, onların reklama ehtiyacı yoxdur. Çalışmalıyıq ki, universitetylərimiz belə imic qazansınlar, xaricdən çoxlu tələbə cəlb etsinlər, əlavə maliyyə qazansınlar. Bundan ötrü ilkin olaraq növbəti 5-10 il ərzində dövlət mülkiyyət tipindən asılı olmayaraq bütün ali təhsil müəssisələrinə güclü investisiya qoymalıdır, universitetlərin indiki büdcəsi ilə ali təhsilimizin heç bir gələcəyi ola bilməz".
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !