Böhran “Gəlinlik” biznesini də çökdürdü – REPORTAJ

09:48 | 05.02.2016
Böhran “Gəlinlik” biznesini də çökdürdü – REPORTAJ

Böhran “Gəlinlik” biznesini də çökdürdü – REPORTAJ

"Səhər saat 8-dən gəlib maşınları bəzəyirik ki, bəlkə sifarişimiz oldu. Amma neçə aydır iş yoxdur” .
 


"Gəlin maşını”nın yanında o tərəf-bu tərəfə yol ölçən Mahmud Süleymanov uzun illərdir bu sahə ilə məşğul olan kiçik sahibkardır. O, Bakının "Gənclik”, "Xalqlar dostluğu”, "Əhmədli” metrostansiyaları yaxınlığına toplaşan onlarla sahibkarlardan biridir. Son 2-3 ay ölkədə baş verən iqtisadi böhran onların da fəaliyyətini zəiflədib.
 


Söhbət edirik: "Zəiflədib yox e, sıfıra endirib, desək daha düz olar”, - deyir, sonra əlavə edir ki, keçən il bu vaxtlar buradakı avtomobillərin sayı indikindən 2-3 dəfə çox idi: "İndi çoxları bu biznesdən imtina edib, kimisi də könülsüz-könülsüz günaşırı bura gəlir...” 


Mahmud Süleymanov söhbətini davam etdirərək deyir ki, xüsusən Məhərrəmlik ayından sonra sifarişçilərin sayı kəskin şəkildə azalıb: "Əvvəlki toy mövsümlərində 150 manata icarəyə verdiyimiz "Qalenvagen”in qiyməti indi 80 manata düşüb, amma yenə də sifariş verən yoxdur”. 



Kiçik sahibkar onu da vurğulayır ki, hər kəs bahalı, təmtəraqlı avtomobil sifariş verdirmək istəyir, ancaq qiyməti ucuz olsun deyirlər: "Bu da bizə sərf eləmir axı... 80 manatlıq sifarişin 20 manatını maşının benzininə, 20 manatını sürücüyə veririk. Yerdə nə qalır ki? Maşınların bəzək-düzəyinə, təmirini də nəzərə alanda sahibkara heç nə qalmır. 

Ümumiyyətlə, son aylar sifariş aşağıdır, hamı öz maşınını, yaxud dost-tanışının maşınını gül ilə bəzətdirib gedir. Bəzək-düzəyin də orta qiyməti 30-35 manatdır. Biz icarə qiymətini hələ ucuz deyirik. Əvvəl tülü 9 manata alırdıq, indi 12 manat olub. Təsəvvür edirsiniz, bu bir ay ərzində cəmi bir sifariş olub, ondan da 3 nəfərin hərəmizə 8 manat pul qalıb”.  
  


"Gəlin maşını” biznesi ilə məşğul olan digər sahibkar Samir Əliyev də son aylarda sifarişlərin həddindən artıq azaldığını bildirib: "Keçən illə müqayisədə əvvəl 10 toya sifariş alırdıqsa, indi 2 toy olar, ya da olmaz. Hər yerdə bahalaşma baş verib, amma buna baxmayaraq, biz maşınların qiymətində endirim etmişik. Sifariş isə yenə də yoxdu. Bütün günü burda soyuqda dururuq. 150-200 manatlıq maşınların qiymətini 80 manata endirmişik ki, heç olmasa, maşınlara görə banklardan götürdüyümüz kreditləri ödəyə bilək. Qazandığımızı da ancaq banklara veririk. İndi guya bu sahibkarlıqdır, biz də sahibkarıq? Dilənçi gününə düşmüşük. Daha bizə sahibkar demək olmaz”. 



Müsahibim onu da əlavə edib ki, burada əvvəllər 120 manata icarəyə götürülən "Range Rover”i indi 100 manata təklif olunur, amma yaxın gələn yoxdur. 

 

Müşahidələrimizi gəlin paltarları təklif edən dükanlardan saldıq. Ən əvvəl yolumuzu "Laçın” Ticarət Mərkəzindən saldıq. Burada da alverin, tələb və təklifin bir-birinə uyğun olmadığının şahidi olduq.

"İstanbul Beauty Center” salonunun gəlinlik kirayəsinin administratoru Gülarə Zülfüqarova ilə söhbətimiz devalvasiyadan sonrakı vəziyyətlə bağlı oldu: "Demək olar ki, toy edən yoxdur. Çox bərbad vəziyyətdəyik. Toylar azalıb, paltar icarəyə götürən isə ümumiyyətlə yoxdur. Çox nadir hallarda sifariş verən olur. Onlar da qiyməti o qədər aşağı həddə istəyirlər ki, bizə sərf etmir”.



Administratorun sözlərinə görə, hətta ötən il, birinci devalvasiyadan sonra bir gün ərzində 12-15 paltar icarəyə götürülürdü: "İndi 3-5 paltarın sifarişini alanda sevinirik. Deyirik ki, nə yaxşı, şükür, nəsə oldu. Amma elə gün də olur ki, heç bir ədəd sifariş qəbul eləmirik. Əslində, indiki iqtisadi durumu nəzərə alıb, qiymətləri qaldırmalıydıq, amma biz, əksinə etdik. Əvvəl 250 manata gəlinlik kirayə verirdiksə, indi həmin paltarı 150 manata təklif edirik. Yenə də mağazanın icarə haqqını toplaya bilmirik”.
 


"İstanbul Beauty Center”in müəssisə müdiri Mahizər Saltık böhran vəziyyətinin olmasına baxmayaraq qiymətləri qaldırmadıqlarını vurğulayıb: "Böhran ərəfəsində işlərimizdə durğunluq yaranıb. Bizim mərkəzdən gəlinlik alındıqda gəlinin bəzədilməsini 150 manata etmişik. Əvvəllər qiymət 300-350 manat idi. Amma böhran vəziyyətinin nəzərə alıb, endirimlər etdik. Müştərilərimizin sayında azalma olmasa da, əvvəllər bizə daha çox iş gördürürdülərsə, indi bunun sayı azalıb”.



Müəssisə müdiri sonda qeyd edib ki, devalvasiyadan sonra rəngindən tutmuş, digər kosmetik məhsullarına qədər qiymətlər 135 faiz artıb: "Misal üçün firmadan 44 manata aldığımız bir "tonal krem”i hazırda 74 manata alırıq. Yəni bu dərəcədə fərqlə bahalaşma var. Əvvəl bir boyaya 10 manat pul verirdiksə, indi 17 manata qədər qiymət qalxıb. Biz bu gözəllik salonunda istifadə etdiyimiz hər şeyi xaricdən dollarla alırıq. Buna görə də vəziyyət bərbaddır”.    

Hətta ən ağır müharibə illərində toy da olub, subaylığın daşını atan da olub. Əsas bahalı avtomobillərdə gəlin köçmək, bahalı gəlinlik geyinmək, ən bahalı gəlin çiçəkləri daşımaq xoşbəxtliyin göstəriciləri deyil. Bahalıq da olsun, maşınlar da bahalaşsın, amma cavanlar xoşbəxt olsun. Düzdür, devalvasiya bu sahə ilə məşğul olan kiçik sahibkarların biznesinə mənfi təsir edir, amma yenə də əsas pul və maddiyyat deyil, əsas mənəvi baxımdan bizim uduzmamağımız, ucuzlaşmamağımızdır.

 

 

 
 
Orxan Aslanlı
 
Foto müəllif: Fərqanə Novruzova


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM