Heç bir bank dollar satmır, birindən başqa… - FOTOLAR

15:40 | 14.01.2016
Heç bir bank dollar satmır, birindən başqa… - FOTOLAR

Heç bir bank dollar satmır, birindən başqa… - FOTOLAR

Dövlət Neft Fondu 200 milyon dolları satışa çıxarıb. Bunu şərh edən iqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, məbləğ ümumilikdə Azərbaycanda fəaliyyət göstərən 32 bank arasında bölüşdürülüb: "200 milyon dollar hazırkı bazarı tam təmin etməsə də Mərkəzi Banka böyük dəstəkdir. Məlumatdan görünür ki, orta hesabla hər banka 6,25 milyon dollar düşüb. İlk baxışdan bank sektorunun 2/3-sinin dollar satışından yararlanması təsəvvürü yaranır. Əslində isə həmin vəsait əsasən 2 banka – Beynəlxaq bank və Paşa banka satılıb. Yerdə qalan banklara çox cüzi pay düşüb. Təəssüf ki, ölkə iqtisadiyyatındakı ayrı-seçkilik Neft Fondunun da fəaliyyətinə sirayət edib. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditləri də bir qayda olaraq məhdud sayda banka nəsib olur. Eyni banklar eyni mənbələrdən faydalanırlar”.

Ekspert həmçinin bu ay Neft Fondunun dövlət büdcəsinə 120 milyon dollar az satış həyata keçirdiyini də əlavə edib: "Digər məsələ satışa çıxarılan dolların həcmi ilə bağlıdır. 2016-cı ildə Neft Fondu dövlət büdcəsinə hər ay təxminən 320 milyon dollar transfer etməli olduğundan yanvarda həmin məbləği də satışa çıxartmalı idi. Ancaq göründüyü kimi öhdəlikdən 120 milyon dollar az satış həyata keçirilib. Az ehtimal olunsa da ola bilsin ay ərzində növbəti satış həyata keçirilsin. Ya da Fondun büdcə icrasında problem yarandığından öhdəliyini tam yerinə yetirməyə çətinlik çəkir və növbəti satış fevral ayına təsadüf edəcək. Deməli, manata təzyiqlər daha da artacaq”.

Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəmalə Əliyeva dövlət büdcəsinə transfer olunan məbləğin Maliyyə Nazirliyi ilə birgə hesablandığını deyib: "Hər ay üçün eyni məbləğ olmur. Bu məbləğin miqdarın dəyişilə bilər.  Maliyyə Nazirliyi ilə danışılıb nə qədər məbləğ olduğu müəyyənləşdirilirsə, fond da həmin məbləğdə vəsait ayırır. Bu ay üçün də 200 milyon dollar ayrılıb. Növbəti ay üçün nə qədər transfer olunacağı isə indidən bəlli deyil”. 

Qeyd edək ki, banklara dollar transfer olduqdan sonra dolların hələ ki yalnız "Azər Türk Bank”ın şöbələrində satılması bu kommersiya müəssisəsinin qarşısında növbələrə səbəb olub. Bankın qarşısında növbə də dayan şəxslər dollar valyutası almaq üçün saat 8-dən  burada gözlədiklərini bildiriblər. Hazırda bankda 1 dolların satış qiyməti 1,63 manatdır.   

ANN.Az əməkdaşı bu gün Beynəlxalq Bankın və "Bank Respublika”nın baş ofislərində, eləcə də "Bank Respublika”nın, "Expressbank”ın, "Dekabank”ın, NBC-nin Səbail filiallarında olub. Ona birmənalı şəkildə bildirilib ki, nə baş ofislər, nə filiallar dollar satışı həyata keçirmir. Bank rəsmiləri Dövlət Neft Fondunun 200 milyon məbləğində dollar satışından xəbərsiz olduqlarını, rəhbərlik tərəfindən onlara hər hansı göstəriş verilmədiyini bildiriblər.

 
 

 

Orxan Aslanlı





   


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb