"Böhran Yunanıstanın AB-dən çıxmasına əsas yaradır" - AÇIQLAMA

15:57 | 06.07.2015

"Böhran Yunanıstanın AB-dən çıxmasına əsas yaradır" - AÇIQLAMA

"Yunanıstanda baş verənlərin fonunda bazarda yarana biləcək vəziyyət təkcə beynəlxalq maliyyə qurumlarını narahat etmir. Bundan daha çox rahatsız olan Fransa, İtaliya, İngiltərə, İspaniya kimi nüfuzlu Avropa dövlətləridir" - bunu ANN.Az açıqlamasında "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.

Birlik sədri xatırladıb ki, Yunanıstanda dünən keçirilən referendumdan iki gün öncə mətbuat səhifələrində çıxış edib, yunanların bu referendumda əsasən Avropa Birliyinin nüvəsini təşkil edən üçlük tərəfindən işlənib hazırlanmış təkliflər paketinə "yox” deyəcəklərini yazıb: "Belə də oldu. Son beş ildə onsuz da sosial çətinliklərlə üz-üzə qalmış yunanlardan başqa cavab gözləmək də düzgün olmazdı.  Yunanstan iqtisadiyyatı Avropa Birliyinə daxil olan ölkələrin iqtisadiyyatının haradasa 2 faizini təşkil edir. Bu o qədər də böyük bir rəqəm deyil. Bu proseslər Avropanın qiymətli kağızlar bazarına ciddi təsir edə biləcək. Yunanıstanda baş verənlər fonunda bu bazarda yarana biləcək vəziyyət təkcə beynəlxalq maliyyə qurumlarını narahat etmir. Bundan daha çox rahatsız olan Fransa, İtaliya, İngiltərə, İspaniya kimi nüfuzlu Avropa dövlətləridir. Yunanstanda baş verənlər və dünənki referendum bu ölkənin Avropa Birliyindən çıxmasına ciddi əsaslar hazırladı. Ancaq bu referendum kreditorları təbii ki, daha ciddi düşünməyə məcbur edəcək. Hesab edirəm ki, bütövlükdə vəziyyəti xilas etmək və Avropa Birliyini siyasi, iqtisadi bir qurum kimi saxlamaq şansları artıq itib”.

Bu şansların itdiyini nə ilə izah etmək olar? F.Yusifov qeyd edib ki, əgər Fransa və İtaliya kimi ölkələrin dövlət borcu onların Ümumi Daxili Məhsullarından üç dəfəyə qədər artıqdırsa, Birliyə daxil olan bəzi ölkələrin maliyyə vəziyyətinin taleyi isə onların başqa ölkələrdə yerləşdirdikləri istiqraz vərəqələrinə ödənilən faizlərin səviyyəsindən birbaşa asılıdırsa, onda burada hansı iqtisadi sabitlikdən, hansı maliyyə sabitliyindən söhbət gedə bilər: "Mövcud sabitlik çox kövrək bir ipdən asılı vəziyyətdədirlər. Birliyə daxil olan Şərqi Avropa dövlətlərində isə iqtisadi vəziyyət çox acınacaqlı bir haldadır.  Müəyyən müvəqqəti qabaqlayıcı tədbirlərlə bu birliyin ömrünü ola bilsin ki, bir qədər də uzatmaq mümkün olsun ancaq onu bütövlükdə xilas etmək real görünmür. Son dövrün hadisələri göstərdi ki, Avropa Birliyi çərçivəsində baş verənlər təkcə yunanları deyil, ingilislər başda olmaqla bir çox xalqları bu birlikdən uzaqlaşmağın zəruriliyinə inandıra bilib və bu proses artıq başlayıb".

Yunanıstanda baş verən hadisələrin dolların və avronun məzənnəsinə də təsirsiz ötüşməyəcəyini bildirən Fikrət Yusifov avronun bu təsirə daha çox məruz qalacağının reallığa daha yaxın olduğunu deyib.

Birlik sədrinin sözlərinə görə, Azərbaycanla Yunanstanın o qədər də dərin iqtisadi və ticari əlaqələri yoxdur. Buna görə də yaranmış vəziyyətin ölkəmizə ciddi təsirindən söhbət getdə bilməz: "Yeganə mühüm məsələ TAP xəttinin gələcəkdə bu ölkənin ərazisindən keçməsi ilə bağlı ola bilər. Hesab edirəm ki, bu məsələnin həlli üçün Yunanstanın Avropa Birliyində olub-olmaması bizim üçün bir o qədər də vacib deyil. Onsuz da belə məsələlər ikitərəfli maraqlara söykənən prinsiplər əsasında hər bir ölkənin kommersiya maraqları çərçivəsində həll olunur. Bu səbəbdən hesab edirəm ki, Yunanstanın Avropa Birliyindən çıxması bu məsələnin iki dövlət arasında "böyük qardaşlarsız” daha uğurla həll edilməsinə imkan verəcəkdir".

 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM