İlk dəfə bu mahnı 1972-ci ildə gənc və istedadlı müğənni Arif Babayevin ifasında eşidilib. Bu mahnının taleyi başqa mahnıların talelərinə bənzəmir. Bu mahnını xalq mahnısı sayırlar, amma əslində onun müəllifləri var. Diqqət çəkən məqam odur ki, bu mahnının məşhurlaşacağına inam olmadığından uzun müddət səslənməmiş qalıbmış. Və nəhayət, xoşbəxt təsadüf dinləyiciləri bu mahnıyla tanış edir. Bu mahnının adı oxucunu bir az çaşdıra bilər, axı belə adla bir çox mahnı mövcuddur. Ancaq iki sətir eşidən kimi, söhbətin hansı mahnıdan getdiyi aydın olur. Beləliklə, Azərbaycan musiqisində öz istedadıyla fərqlənmiş şair, dramaturq, publisist, çox gözəl musiqiçi və bəstəkar, amma, təəssüf ki, diplom olmadığına görə haqsız hücumlara məruz qalmış Bəhram Nəsibov bu gün haqqında bəhs edəcəyimiz "Qarabağ" mahnısının müəllifidir.Bəhram Nəsibov 1941-ci ildə Fizuli rayonunun Rəfədinli kəndində doğulub. Atası da musiqiçi idi. Musiqiyə sevgi Bəhram Nəsibova genetik ötürülüb. Gənc yaşlarından Bəhram özündə bu istedadı hiss edib və yaradıcılığa başlayıb. O, İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil olub, orada yüksək intellektual qabiliyyətlərini göstərib. Bəhram sonuncu kursa kimi əlaçı olub. Ancaq anlaşılmazlığa görə onu bir münaqişədə ittiham ediblər və o, təhsilini bitirmədən institutdan çıxıb. 15 ildən sonra Bəhram instituta qayıdıb və axır ki, diplom alıb. Və onunla ədalətsiz davranıldığını sübut edib. Qeyd etməyə dəyər ki, təhsillə paralel olaraq Bəhram Nəsibov həm də işləmək məcburiyyətində imiş. Onun istedadının ən parlaq təzahürləri məhz bu müddətə təsadüf edib. İlk mahnılar məhz onda yazılıb. Bəhram Nəsibovun uşaqlarının sözlərinə görə, onun ilk mahnısı "Qarabağ" olub."Qarabağ" mahnısı 1968-ci ildə yazılıb. Qeyd etməyə dəyər ki, Bəhram Nəsibov musiqi dünyasına tarla gəlib, ancaq sonra gitaraya keçib. O, toylarda gitarayla çıxış edib və bununla xalq içində məşhurlaşıb. Amma Bəhramın tara xüsusi münasibəti olub. Təzə yazdığı mahnıları o, ən əvvəl tarda çalırdı. İnstitut illərində Bəhram əvvəlcə yataqxanada yaşayıb, sonra müğənni Arif Babayevlə birlikdə ev kirayələyib və ona "Qarabağ" mahnısını oxumağı təklif edib. Mahnı Arif Babayevin zövqüncə olmayıb, o, bu mahnının uğur qazanacağına inanmayıb. Ancaq, bir neçə il sonra Arif Babayev özü bu mahnını xatırladıb.Bəhram Nəsibov təxminən 200 mahnının müəllifdir. "Qal, sənə qurban", "Ey, nazlı Dilbərim", "Neyçün bəs", "Ay dəli ceyran", "Səni qəmli görəndə", "Al-əlvan geyib çəmən", "Deyin hardadır", "Gecələr", "Xatırla məni", "Sənsiz yaşaya bilmirəm", "İntizar" və başqa mahnılar. Bu mahnılardan hər biri bu günə kimi bizim müğənnilərimizin repertuarlarını bəzəyir. Bəhram Nəsibovun mahnıları iliyinə qədər millidir. Elə bu səbəbdən onun mahnılarını tez-tez xalq mahnısı kimi qəbul edirlər. O, öz mahnıları üçün nəinki musiqi, həm də sözlər yazıb. Həmçinin lirik şeirlər qələmə alıb, özü də bu şeirlərin əksəriyyətini yolda olarkən yaranıb. Bəhram Nəsibovun dostları deyirlər ki, bir neçə dəfə onun ekspromt şeir yazmasının şahidi olublar. O, səhnəciklər, dramatik əsərlər, satirik şeirlər də yazırmış. Erkən yaşlarında atasını itirmiş Bəhram özü ailəsini ayağa qaldıra bilib. O, həm də çox sadə insan kimi tanınıb."Qarabağ" mahnısı ifa olunarkən, Bəhram Nəsibovu artıq bir neçə mahnının müəllifi kimi tanıyırdılar. Görünür, elə məhz bu fakt Arif Babayevi "Qarabağ" mahnısını xatırlamağa məcbur edib. Mahnı efirdə səslənən kimi, o, dərhal məşhurlaşıb. Mahnı o qədər məşhur olub və sevilib ki, heç bir tədbiri Arif Babayevin bu mahnısı olmadan təsəvvür etmək qeyri-mümkün imiş.Efirdə Bəhram Nəsibovun mahnılarının səslənməsinə və bu mahnıların böyük şöhrət əldə etməsinə baxmayaraq, heç yerdə qeyd edilməyib ki, mahnının müəllifi məhz odur. Zəmanə belə idi. Diplomsuz bəstəkar haqqında yazmaq olmazmış.Sonra "Qarabağ" mahnısının yeni ifaçıları meydana çıxmağa başlayır. İfalardan biri "Qarabağ bülbülləri" kollektivinə aiddir. Murad Rzayevin yaratdığı bu kollektiv mərkəzi televiziyasının sifarişi ilə 1977-ci ildə qısametrajlı filmin yaradılmasına səbəb olur. Bu film dörd məktəbli haqqındadır – "Qarabağ bülbülləri" kollektivin üzvləri. Kvartet "Qarabağ" mahnısı ifa edir və bu ifadan bir fraqment filmə düşür.1978-ci ildə Suleyman Abdullayev Dövlət teleradiosunun sifarişi ilə yeni il konserti üçün "Qarabağ" mahnısını lentə yazdırır. Mahnını qısaltmaq üçün, muğam ifa olunmaması qərara alınır.1984-cü ildə Tamilla Məmmədova "Qarabağ" mahnısını ifa edib və lentə yazdırıb. Bu ifa sovet dövründə sonuncu ifadır. Ancaq tədbirlərdə mahnını sifariş edirdilər və ifa etməyə davam edirdilər.90-cı illərdə Qarabağ Azərbaycan xalqının ağrılı və aktual mövzusuna çevrilir. Və əlbəttə, "Qarabağ" mahnısı artıq başqa cür səslənir, ürək ağrısıyla, vətən sevgisiylə. Bu dövrdə "Qarabağ" mahnısına müraciət edənlərin sayı artır - Yaqut Abdullayev, Aygün Bəylər, Təyyar Bayramov, Səvuhi İbayev, Elnur Zeynalov, Qoçaq Əsgərov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova. Və hətta estrada müğənniləri: Brilliant Dadaşova və Aygün Kazımova.2005-ci ildə Səbuhi İbayev bu mahnını trionun ifasında lentə yazdırır. İfa parlaq və maraqlı çıxır. Səbuhi muğam fraqmentini də ifa edir.Yaqut Abdullayeva da öz ifasını 21-ci əsrdə lentə yazdırıb. O, "Qarabağ" mahnısını xalq musiqi alətləri orkestrinin müşayiəti ilə oxuyub."Qarabağ" mahnısı Könül Xasıyevanın ifasında bir başqa obraz kimi ortaya çıxıb. Könül Xasıyevanın səs temri və fakturası ondan əvvəlki ifaçıların səsindən çox fərqlənib. Bu qədər ifaçıların olması dinləyiciyə "Qarabağ" mahnısının onun ürəyinə yaxın versiyasını seçməyə imkan verir.Növbəti ifaçı Aygün Bəylərin adını qeyd etməyə dəyər. Onun ifası hələ 2003-cü ildə yazılıb. Ancaq 2007-ci ildə müğənninin Azərbaycan Dövlət Filarmoniyasındakı konsertində bu mahnı canlı-canlı ifa olundu. Və bütün zal ayaq üstə alqışlamaqla yanaşı bu mahnını müğənni ilə birlikdə ifa etdi.Bu mahnı öz ifaçısını nə janrla məhdudlaşdırır, nə də üslubla. Və, əlbəttə, bu qədər ifaçıların olması "Qarabağ" mahnısının mübahisəsiz uğur qazanmasına dəlalət edir. Bu mahnıya bu gün də tələbat var və xalq tərəfindən sevilən mahnıdır. Bu mahnının coğrafi sərhədləri biz təsəvvür etdiyimizdən də genişdir. "Qarabağ" mahnısını son zamanlar türk müğənnilərinin ifasında da eşitmək mümkündür. 2000-ci ildə "Qarabağ" mahnısı "Turk dunyasının savaşların müzikteki izləri" türk albomuna daxil edilib. Albomda mahnının müəllifi də göstərilib. Albomun səhifələrində həmçinin Qarabağ müharibəsinin tarixləri, qurbanlar, Azərbaycan xalqının faciəsi, insan və ərazi itkiləri təsbit edilib. Bu albomda "Qarabağ" mahnısının ifaçısı Əli Heydəroğlu olub. Əslində, bununla hesab etmək olar ki, mahnı böyük missiyasını yerinə yetirib. Yalnız o günü gözləmək qalır ki, "Qarabağ" mahnısı qalibiyyət sədalarıyla doğma Qarabağımızda səslənsin.
Hazırladı Aliyə HaqverdiMaterialın hazırlanmasında İTV-nin məlumatlarından istifadə edilmişdir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !