“Bir çox ailələr auitizmli uşaqlara sahib olduğunu cəmiyyətdən gizlədir”

20:48 | 31.03.2015
“Bir çox ailələr auitizmli uşaqlara sahib olduğunu cəmiyyətdən gizlədir”

“Bir çox ailələr auitizmli uşaqlara sahib olduğunu cəmiyyətdən gizlədir”

"Autizm fərqli bir dünyadır, onlarə yalnız bizim sevgimizi və yaxınlığımızı hiss etmək qurtara bilər”.
 
Bu fikirləri APA TV-də efirə gedən "Sosium” proqramının qonağı, defektoloq Şəfəq Məmmədova deyib.
 
Qonaq Azərbaycanda autizm sindromundan əziyyət çəkən insanların çox olduğunu, lakin ailələrin bunu üzə çıxarmaq istəmədiyini bildirib: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da əsrin əvvəllərindən başlayaraq autizm sindromunun sürətlə yayılmasını müşahidə edirik və artıq hər 80 nəfərdən birində bu problem aşkar olunur. Lakin bu barədə statistik məlumatlar azdır, çünki bir çox ailələr qeydiyyatdan keçməkdən çəkinirlər. Azərbaycanda autizmin aşkarlanmasında xeyli artım müşahidə olunur və artıq bu, cəmiyyətin qlobal probleminə çevrilir. Autizmin səbəbləri hələ dəqiq müəyyənləşmədiyindən müalicəsi də çətinləşir. Genetik faktorlar, texnika və sənayeləşmənin artması və s. bunun səbəblərindən hesab olunur”.
 
Proqramın digər qonağı, psixoloq Şəbnəm Məmmədova autizmin ilkin əlamətləri barədə məlumat verib: "İlkin olaraq yeni doğulan uşaqlarda, doğuşdan sonra bu əlamətləri müşahidə etmək mümkün olur, əsas əlamətlər iki-üç ayında üzə çıxır. Bu uşaqlar çağırılanda səsə reaksiya vermirlər, göz təması qura bilmirlər. Əgər valideynlər bu əlamətlərdən şübhələnərlərsə, mütləq mütəxəssisə müraciət etməlidirlər. Əvvəlcə nevropatoloqlara müraciət etmək lazımdır,  diaqnoz qoyulduqdan sonra həkim autizm sindromlu uşağı müvafiq reabilitasiyaya yönəldəcək”.
 
Erkən diaqnozun əhəmiyyətini xüsusi qeyd edən defektoloq bunun nəticəyə müsbət təsir etdiyini deyib: "Problem əsasən nitq və göz təmasının olmaması ilə özünü göstərir, lakin bu, görünən tərəfdir. Normal uşaqda bir yaş iki aylığında ünvanlı sözlər eşitməliyik. Amma artıq biz 1 yaş 2 aylıq uşaqda ən azından hecalar müşahidə eləmiriksə, demək, problem var. Bunun digər nitq qüsurundan fərqi ondadır ki, bu zaman göz təması da olmur. Əvvəlcə eşitmə qabiliyyətinin normal olduğu müəyyənləşdirilməlidir. Autizmli uşaq adını çağırdıqda dönməz, amma hər hansı bir konfet kağızının xışıltısına və ya sevdiyi reklam  səsinə reaksiya verər. Onlar bəzi səslərə həddindən artıq aqressiv reaksiya göstərə bilərlər. Məsələn maşının səsinə onlar diksinərək, qışqıraraq və ya qulaqlarını tutaraq reaksiya verə bilərlər. Bu da onların həddindən artıq həssas olmasından irəli gəlir. Biz diqqətimizi lazım olan yerə yönəldə bilirik, amma autizmli uşaqlarda nitq görünən tərəfdir, artıq təsəvvür, təxəyyül, təfəkkürdə müəyyən gecikmələr olduğuna görə nitqin olmur,  diqqəti yönləndirmək çətin olur”.
 
Psixoloq cəmiyyətin autizmli insanlara qarşı mənfi münasibətindən təəssüflə danışıb: "Cəmiyyətə psixoloji dəstək lazımdır. Bizdə uşaqları reabilitasiyaya aparmağın özü belə ciddi bir problemdir. Çünki autizm sindromlu uşağı olan ailələr ictimai nəqliyyatdan istifadə edə bilmirlər və yaxud da çəkinirlər. Autizmli uşaq özündən asılı olmadan artıq hərəkətlər edə bilər və təəssüf ki, bu zaman kənardakılar onlara irad tuturlar. Uşağı reabilitasiyaya gətirən ailə məcburən maşın tutmalı olur, bu isə xərcdir. Nəticədə reabilitasiyadan da soyuyur və bəzən elə ümidsizləşir ki, uşağı evdə saxlayır. Əslində, belə uşaqların sosiallaşması çox vacibdir, ancaq bu problemlər bütün bunların qarşısını alır. Nümunə üçün deyim ki, bizim mərkəz həm normal, həm də reabilitasiyaya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulub. Burada həm məktəbəqədər hazırlıq, həm də reabilitasiyaya kursları var. Lakin valideynlərin hamısı uşaqlarının autizmli uşaqlarla bir yerdə təhsil almasına pis baxırlar”.
 
Şəfəq Məmmədova hətta məktəblərdə də belə davranışların müşahidə olunduğunu deyib: "Təhsil Nazirliyinin balansında olan məktəblərin əksəriyyətində inklyuziv təlim keçən autizmli uşaqlara hətta sinif yoldaşları da xəstə uşaq kimi davranırlar. Müəllimlərin bəziləri onların sosiallaşmasına cəhd göstərmirlər. Bu isə da cəmiyyətin maarifləndirilməməsinin bariz nümunəsidir. Əksər valideynlər bu problemin yoluxucu olduğunu düşünürlər. Biz cəmiyyətə göstərməyə çalışırıq ki, reabilitasiya ilə bu uşaqlardan gözəl nəticələr almaq və onları cəmiyyətə qazandırmaq mümkündür”.
 
Autizmin reabilitasiyasının kompleks şəklində aparılmasının əhəmiyyətini qeyd edən Şəfəq Məmmədova vacib şərtlər barədə danışıb: "Bəzən həzm sistemində olan çatışmazlıqları, hamiləlik dövründə ananın yüksək temperaturla müşayiət olunan xəstəlik keçirməsini səbəb kimi göstərirlər. Autizm sindromundan əziyyət çəkən uşaqlar üçün müəyyən pəhriz də müəyyənləşdirilir. Qida rasionu da fərqli olmalıdır. Bütün bunlar kompleks şəklində həyata keçirilməlidir və cəmiyyət bu qüsura biganə qalmamalıdır. Biz cəmiyyət olaraq autizmlilərə nə qədər qucaq açsaq, onların yanında olsaq, bu problemin fərqində olduğumuzu onlara göstərə bilsək, onlar da bizə doğru gələ bilərlər və biz cəmiyyətə daha çox insan qazandıra bilərik. Məşhurların əksəriyyətinin autizm sindromundan əziyyət çəkən insanlar olduğunu nəzərə alsaq, düzgün fəaliyyətin köməyi ilə onların texniki sahələrdə, şahmat və sair müstəvilərdə istedadını üzə çıxara bilərik”.
 
Müalicə nəticəsində hətta ailədə autizmli uşağa münasibətin dəyişdiyini deyən psixoloq Şəbnəm Məmmədova peyvəndlərlə bağlı şübhələrə də münasibət bildirib: "Elə ailələr var ki, autizmli uşaqları ata-ana belə qəbul etmir, psixoloji dəstəklə biz onlara öz uşaqlarını sevdiririk. Hətta əvvəllər bu problemin atadan və yaxud anadan qaynaqlandığını düşünərək ailələr boşanırdılar. Autizmin peyvəndlər nəticəsində yaranması ehtimalı da şübhəli məqamlardan biridir. Lakin bəlkə də peyvənd olan problemi üzə çıxarır. Autizmin daha çox oğlan uşaqlarında ortaya çıxmasının da hələlik təsdiqini tapmış səbəbi yoxdur”.
 
Autizmli uşaqlarda nitq problemlərinin digər nitq qüsurlarından fərqindən danışan defektoloq Şəfəq Məmmədova bunun müalicəsinin də fərqli olduğunu deyib: "Ümumilikdə nitq qüsurlarını aradan götürmək üçün ilk növbədə artikulasiya üzvlərinin sağlam olub-olmamasını yoxlayırıq. Bunlar autizmli uşaqlarda ikincili qüsur kimi də özünü göstərə bilər. Gülmə, ağlama kimi hisslər olmayan, mimiki əzələlərin çalışmadığı bu uşaqlarda artikulyasiya gimnastikaları dilin, dodağın hərəkətliliyini artırır. Autizmli uşaqlarla məşğələlər zamanı zondlardan və masajlardan qaçmaq lazımdır. Onları nitqin, ünsiyyətin asan bir proses olduğuna inandırmaq lazımdır.
 
Cəmiyyətin autizmli insanlardan çəkinməsini əsassız hesab edən psixoloq Şəbnəm Məmmədova onların aqressiyasının sadəcə özlərinə zərər verdiyini bildirib: "Autizmli insanlar heç kimə zərər vermirlər, sadəcə, cəmiyyət düzgün maarifləndirilmədiyi üçün onlardan çəkinir. Onların aqressiv hərəkətləri ancaq özü özünə zərər verə bilər. Məsələn, onlar öz əlini dişləyər, başını vura bilər, çünki o içindəkiləri çıxartmaq istəyir”. //lent.az


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM