"BP şirkəti 2016-ci ildə Brazilyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları zamanı Azərbaycanın Olimpiya və Paralimpiya komitələrinə dəstək olacaq” – bunu ANN.Az-a açıqlmasında "BP – Azərbaycan” şirkətinin təmsilçisi Tamam Bayatlı deyib.
Dünən "Abşeron Marriott” hoteldə "Bakı – 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) BP şirkəti ilə birlikdə BEGOC tərəfindən təşkil edilmiş birillik təlim proqramının başa çatması ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə təlim proqramını başa vurmuş, Azərbaycandan və Avropanın müxtəlif ölkələrindən olan 188 nəfər universitet məzununa Oyunlar Akademiyasının sertifikatları təqdim edilib.
Tədbirin iştirakçısı olan "BP- Azərbaycan” şirkətinin mətbuat katibi Tamam Bayatlı şirkətin Avropa Oyunlarında iştirakından razı qaldıqlarını bildirib: "Əvvəla bildirim ki, BP şirkəti "Bakı – 2015” Avropa Oyunlarının keçirilməsinin gedişatından çox məmnun qaldı. BP şirkəti "Bakı – 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı idi. Oyunlar keçiriləndə biz özümüzü bu ailənin, yəni Avropa Oyunlarının bir hissəsi kimi hiss edirdik. Oyunlarda əldə olunan nəticə bizi çox heyrətləndirdi. Nəticə ehtimal etdiyimizdən də çox böyük oldu. Onu da qeyd edim ki, BP şirkəti ilk dəfə deyil Azərbaycanda belə böyük tədbirlərdə, həm idman sahəsində, həm mədəniyyət sahəsində, həm də digər sahələrdə öz dəstəyini gösətrir. Biz idman sahəsinə 2012-ci ildən də əvvəl tərəfdaşlıq etmək, kömək göstərmək, dəstək olmaq qərarını vermişik. 2012-ci ildə Olimpiya Oyunları Londonda keçirildi. Biz də Britaniya şirkəti olaraq istədik ki, həmin oyunlarda Azərbaycan çox yaxşı təmsil olunsun. Ona görə 2011-ci ildə Azərbaycanın Milli Olimpiya Komitəsi və Paralimpiya Komitəsi ilə tərəfdaşlıq haqqında sazişlər imzaladıq və həmin vaxtdan tərəfdaşlıq etməyə başladıq. Tərəfdaşlığımızın əsas məqsədi onlara yaxından dəstək olmaq, oyunlarda daha yaxşı iştirak etməsində yardım etmək oldu. Biz eyni zamanda bu iştirakımızı yaxşı səviyyədə nümayiş etdirmək istərdik. Məhz həmin ildən də BP şirkəti idmana olan dəstəyini daha da artırdı. Biz artıq tərəfdaşlıqla bağlı müddəti 2016-ci ilə qədər artırmışıq. Yəni 2016-ci ildə Rioda keçiriləcək Yay Olimpiya oyunları zamanı həm Milli olimpia Komitəsinə, həm də Paralimpiya komitələrinə dəstək olacayıq”
Şirkət rəsmisi "BP"nin eyni zamanda Azərbaycanın uzunmüddətli neft və qaz tərəfdaşı kimi "Bakı – 2015” I Avropa Oyunları kimi mötəbər idman tədbirində yerli idmançılara dəstək olmaq istəmələrindən qürur duyduqlarını dilə gətirib: "Biz istədik ki, ölkəmizin, komandamızın, idmançılarımın yanında olaq. Və nə yaxşı ki, bu yarışlarda Azərbaycanın yanında dayandıq. Biz bununla da çox fəxr edirik. Hazırlıq prosessində bir sıra idmançılara dəstək olmuşuq. 6 idmançı seçmişdik ki, bizi bu yarışlarda təmsil etsin. Bu 6 idmançı hamısı eyni idman növündə deyildi. Güləş, taekvando, cüdo, atletika idman növlərində bizi təmsil edirdilər. Həmin idmançılar bunlardı: Fəridə Əzizova, Elxan Məmmədov, İlham Zəkiyev, Hacı Əliyev, Orxan Musayev, Alek Pametin. Bu idmançılardan ikisi Avropa Oyunlarında iştirak etmədi. Orxan Musayev və Alek Pametin yarışlarda iştirak etməməsinin səbəbi onların qatılacağı idman növünün "Bakı – 2015” Avropa Oyunlarına salınmamısı idi. Buna görə də həmin idmançılar bu tədbirdə iştirak etmədilər. Bundan başqa London Olimpiyadasında qalib gələndən sonra biz həmin idmançıları öz ofisimizə dəvət edib onların qələbələrini qeyd etmişdik, onları artıq bir ailə üzvü kimi qəbul etmişik. Bu idmançıların hamısından medal gözləyirdik, amma İlham Zəkiyevə olan ümidimiz daha çox idi. 26 iyunda İlham Zəkiyev yarışlara başladı və həmin gündə qalib gəldi. Biz işçilərimizlə birlikdə həmin gün İlhamın bütün oyunlarını çox həvəslə izlədik və ona dəstək olduq. İlham Zəkiyev qızıl medal alanda elə bil BP şirkəti qızıl medal aldı. Biz onunla çox fəxr edirik”.
BP şirkətinin "Bakı-2015”ə dəstəyinin bununla sona çatmadığını deyən mətbuat katibi Azərbaycanın 40 ən yüksək səviyyəli olimpiyaçılarına, atletlərinə 6 aylıq treninq proqramına sponsorluq etdiyini vurğulayıb: "Bu proqram da treninqdən ibarət idi. Bu treninq həm 40 idmançının özlərinə, həm də onların məşqçilərinə keçirildi. Bu proqramı dünyada atletlərə təlim keçən, təcrübəsini onlarla bölüşən ən məşhur şirkət - "Michael Johson Performance” həyata keçirirdi. Bu şirkətə dəfələrlə olimpiya və dünya çempionu olmuş və 12 qızıl medal sahibi Michael Johson başçılıq edir. Biz onu Bakıya dəvət etdik və o, gəlib bizim idmançılarımızla məşğul oldu, onlara təlim keçdi. Bu treninqin keçirilməsində əsas məqsəd idmançılarımızın daha çox qızıl medala sahib olması üçün xüsusi hazırlamaq idi. Çünki Michael Johnson qızıl medal almağın yollarını daha yaxşı bilir. Necə etmək olar ki, zədə almayasan, yorulmayasan, döyüşün axırına qədər gücünü, qüvvəni saxlayasan və s. Biz hesab edirik ki, Azərbaycanın 21 qızıl medal almasında həmin proqramın böyük rolu oldu”.
Daha sonra Tamam Bayatlı birillik təlim proqramı haqqında danışıb: "Bundan başqa BP şirkəti Avropa Oyunları Akademiyası üçün xüsusi təlim proqramı da hazırlayıb. Bu proqramın əsas mahiyyəti Avropa Oyunlarına professional işçilər yetişdirmək idi. Bu gün də həmin məzunlarına sertifikat verilmə mərasimidir. Bu Akademiyanı 188 məzun uğurla başa vurdu”.
Şirkət səlahiyyətlisinin verdiyi məlumata görə, bu proqram keçən ilin iyun ayından start götürüb: "İndi həmin məzunlara yaxşı fəaliyyət göstərdiklərinə görə sertifikarlar verilir. Bu proqrama qatılanlar həm Azərbaycandan, həm də Avropanın bir sıra ölkələrindən seçiliblər. 188 məzunların 162-si azərbaycanlıdır. Qalanları əcnəbidirlər. Bu məzunlar artıq çox professional şəkildə hazırlanıblar və iri tədbirlərdə özlərini layiqli səviyyədə təmsil edə bilərlər. Artıq Azərbaycanın beynəlxalq səviyyəli, geniş miqyaslı tədbirləri idarə etmək üçün professional işçiləri var. Xatırladım ki, BP şirkəti də bu layihənin yeganə sponsorudur”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !