BP virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş tammetrajlı sənədli filmin
gürcü dilində variantını dünən Tbilisidə ictimaiyyətə təqdim etdi. Bu təqdimat
Azərbaycanla Gürcüstan arasındakı mədəni əlaqələri təşviq etmək məqsədi daşıyır.
Bundan əvvəl həmin sənədli film Bakıda Azərbaycan dilində böyük uğurla təqdim
edilmişdi. BP-nin "Mənim tanıdığım Vaqif” filminin çəkilişinə göstərdiyi dəstək bu
şirkətin Azərbaycan və Gürcüstanın zəngin mədəni irsinin təbliği ilə bağlı
öhdəliyinin bir hissəsidir.
Bu sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi
sənətində yeni bir janrın - caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsinə həsr
edilib.
Filmdə onun həyatının bəzi epizodları anılıb və digər tanınmış musiqiçilərin
Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb.
Vaqif Mustafazadə həyatının müəyyən bir hissəsini Tbilisidə yaşayıb və onun gürcü
dostları dünənki təqdimatda iştirak ediblər. Vaqif Mustafazadənin yaxın dostu
olmuş, tanınmış müsiqiçi Dimitri Qonqliaşvili filmdən mütəəssir olaraq demişdir:
"Vaqif haqqında nə deyə bilərəm – o, bir dahi idi.”
Tədbirdə iştirak etmiş Gürcüstanın mədəniyyət naziri cənab Mixeil Giorqadze
demişdir: "Tbilisi həmişə dünyanın müxtəlif və zəngin mədəniyyətlərinin
görüşdüyü bir mərkəz olub. Vaqif Mustafazadə o musiqiçilərdəndir ki, onun istedadı
və irsi eyni dərəcədə hər iki ölkəyə məxsusdur. Musiqiçilər, və xüsusən də caz
sevərlər onu Azərbaycan caz-muğamının banisi olan dahi bir pianoçu və bəstəkar
kimi tanıyırlar. Əslində isə Vaqif Mustafazadə gələcəyə yönəmli və çox maraqlı Şərq
cazı məktəbini yaratmışdır.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns
demişdir: "Biz Azərbaycan cazının ən tanınmış nümayəndəsi olan Vaqif
Mustafazadənin adı ilə bağlılığımızdan qürur duyuruq. O həm də dünyanın ən
məşhur caz pianoçularından və bəstəkarlarından biridir. Onun istedadının
pərəstişkarı kimi bilirəm ki, o, şərq və qərb musiqisinin ən yaxşı janrlarının fantastik
sintezini yaratmağa nail olub. Bu sintez nəticəsində Azərbaycanın milli musiqisi
olan muğamın və qərb cazının heyranedici qarışığı meydana çıxıb.
Biz Azərbaycanla Gürcüstanı birləşdirən və BP-nin də fəxrlə rol oynadığı beynəlxalq
enerji ixracı dəhlizləri dönəmində yaşayırıq. Vaqif Mustafazadə qısa bir ömür
yaşayıb və bu nailiyyətləri görməyib, ancaq öz əsərləri ilə bu böyük sənətkar başqa
bir körpü salıb – Azərbaycan və Gürcüstan xalqlarının ürəklərini birləşdirən bir
körpü. BP hər iki ölkədə mədəniyyət layihələrinə dəstək verməkdə davam edəcək.
İnanırıq ki, mədəniyyət sahəsində həyata keçirdiyimiz təşəbbüslər - sponsorluq
etdiyimiz filmlər, kitablar, tədqiqat işləri, konsertlər, arxeoloji araşdırmalar, hər iki
ölkədəki digər sosial sərmayə proqramlarımızla birlikdə bu olkələrin dayanıqlı
multikultural inkişafı üçün uzunmüddətli planlarını tam dəstəkləyir.”
BUTAfilm şirkəti tərəfindən çəkilmiş bu sənədli film Vaqif Mustafazadənin
müasirləri olan Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının onun
yaradıcılıq irsinə və şəxsiyyətinə sevgi və rəğbət dolu xatirələri üzərində qurulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !