Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib
![Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib](https://anews.az/photo/850x500/2025-02/1738854534_67a4c6ce9b14667a4c6ce9b147173885204667a4c6ce9b14467a4c6ce9b145.jpg)
Fevralın 6-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.
Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.
O qeyd edib ki, 2024-cü il ərzində də dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı tədbirlər həyata keçirilib.
İclasda Komissiyanın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilmiş yeni üzvləri təqdim olunub, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) 5-ci dəyərləndirmə raundu çərçivəsində verdiyi tövsiyələrlə bağlı görülmüş işlər nəzərdən keçirilib.
İclasda məhkəmə-hüquq sistemində aparılmış son islahatların korrupsiyaya qarşı mübarizə fəaliyyətinə təsiri barədə məruzə dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib. Eləcə də dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili, qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)