Azərbaycanda terror xarakterli cinayətlər 82%-dən çox artıb - Rəsmi

2024-cü ildə Azərbaycanda terror xarakterli cinayətlər 82,4% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.
"Kibercinayətlər 2,8 dəfə, hədəqorxu ilə tələb etmə 82,2%, terror xarakterli cinayətlər 82,4%, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma 70,0%, dələduzluq 24,0%, quldurluq 8,5%, insan alveri ilə bağlı cinayətlər isə 3,4% artıb", - məlumatda deyilir.
Eyni zamanda xarici vətəndaşların iştirakı ilə 484 cinayət törədilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur.
Cinayət törədən 22485 nəfərin şəxsiyyəti müəyyən edilib. Onlardan 16725 nəfəri cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət törədənlərin 58%-i heç bir yerdə oxumayan və işləməyən şəxslər olub. 25,2%-i isə təkrar cinayət törədən şəxslərdir.
Hesabat ilində yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş cinayətlərin sayı isə 5,3% artıb.
Gülnar Nazimqızı