Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa keçirilib

Aprelin 24-də Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa ayini keçirilib.
Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete ayinə Bakının əsas katolik məbədi olan “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kilsəsində rəhbərlik edib.
Yepiskop Vladimir Fekete ayin zamanı ibadət edənlərə mərhum pontifikin həyatı və xidmətləri haqqında moizə ilə müraciət edib.
O, Fransiski nümunəvi dini lider kimi xarakterizə edib, onun Azərbaycana etdiyi səfəri və ölkədə Katolik Kilsəsinə göstərdiyi dəstəyi xüsusi vurğulayıb.
Roma Papası Fransisk aprelin 21-də 88 yaşında insult və onun ardınca baş verən “geri dönüşü olmayan ürək-damar kollapsı” nəticəsində vəfat edib.