TV-lərdə yaş məhdudiyyəti unudulur: uşaqlar təhlükədə- ARAŞDIRMA

Azərbaycan telekanallarında yayımlanan verlişlərdə uşaqlara yaş məhdudiyyəti ilə bağlı zaman limiti qoyulmur və nəticədə uşaqlar onlara aid olmayan verlişlərə baxmaq imkanı əldə edir. Bu barədə jurnalist Afət Yaqubova öz facebook hesabıında yazıb.
"Televiziya verilişləri yaş üzrə ayrılmır. Böyüklərə aid söhbətlərin yer aldığı verilişlər yaş limiti göstərmədən, zaman limiti qoyulmadan efirə verilir. Bütün bayağı verilişlər uşaqların aktiv olduğu vaxt, yəni saat 21-ə qədər (uşaqların yuxu saatına qədər) yayımlanır", - jurnalist bildirib.
Azərbaycan Respublikası Audiovizual Şurası mövzu ilə bağlı göndərdiyimiz sorğuya cavab verməyib.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) sədri Kəmalə Ağazadə bilidirib ki, valideyn uşağa nəzarət edə bilmirsə buna aiddiyatı dövlət orqanı Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və icra hakimiyyəti yanında komissiya nəzarət etməlidir.
"Uşaqların hüquqlarını qoruyan qanun var. Valideyn və dövlət uşağın qəyyumu hesab edilir. Əgər valideyn nəzarət edə bilmirsə bunun üçün dövlətin nəzarət edən qurumları var. Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və icra hakimiyyəti yanında komissiya nəzarət etməlidir və uşaqların hüquqlarını qorumalıdır. Mətbuat və televiziyalara da nəzarət edən qurumlar var. Sadəcə heç kim öz üzərinə məsuliyyət götürüb bu işi axıra çatdırmaq istəmir",- Ağazadə söyləyib.
Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi məsələ ilə bağlı anews.az-ın sorğusuna cavab olaraq bildilib ki, qurum məsə ilə bağlı telekanallara öz tövsiyyələrini göndərib.
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bəyan edib ki, ailədaxili zorakılıq və digər neqativ hallarla bağlı mediada yayılan məlumatlarda bəzən uşaqların həyat və sağlamlığına təhlükə yaradan görüntülərə, şəxsi məlumatların ifşasına yol verilir. Bu hallara bəzən valideynlərin məsuliyyətsizliyi də səbəb olur. Qurum aidiyyəti orqanlara müraciət edərək, informasiya yayımında qanunvericilik və etik normalara riayət olunmasının vacibliyini qeyd edib.", - qurumun açıqlamasında deyilir.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirir ki, nəzarətsiz şəkildə yayımlanan və yaş məhdudiyyəti olmayan verilişlər uşaqlarda, xüsusilə 7-12 yaş arasında, reallıqla fantaziyanı ayırd etməkdə çətinlik yaradır.
“Zorakılıq, travma və qorxu səhnələri uşaqlarda aqressiya, yuxu və emosional pozuntulara səbəb ola bilər. Uşaqlar gördükləri davranışları təqlid edərək öyrənirlər. Televiziya qəhrəmanları vasitəsilə zorakılıq qəhrəmanlıq kimi təqdim olunarsa, bu onların davranışına da təsir edir,” — o vurğulayıb.
Rüstəmov əlavə edib ki, yaşa uyğun olmayan proqramların vizual cazibəsi uşaqda asılılıq yaradır və bu, sosial təcrid, təhsildən uzaqlaşma və diqqət problemlərinə yol aça bilər.
O tövsiyə edib ki, verilişlərdə 7+, 12+, 16+ kimi yaş göstəriciləri yerləşdirilməli, məzmun psixoloq və pedaqoqların iştirakı ilə filtrlənməli, valideynlər isə media nəzarətinə xüsusi diqqət yetirməlidir.
Uşaqlara uyğun olmayan məzmun yalnız texniki yox, həm də psixoloji təhlükə daşıyır və cəmiyyətin bütün səviyyələrində məsuliyyət tələb edir.
Professor: Azərbaycan televiziyalarında uşaq proqramları demək olar ki, yoxdur
Professor Tahirə Allahyarova Audiovizual Şuranın 2025-ci ilin birinci rübünə dair rəsmi məlumatına istinadən bildirib ki, Azərbaycan telekanallarında uşaqlara həsr olunan verilişlərin payı 0–1% arasında dəyişir.
“Əksər kanallarda bu rəqəm 0-dır, yalnız ATV-də 1,3% uşaq proqramı yayımlanıb. Bu isə o deməkdir ki, uşaqlar əsasən onlar üçün nəzərdə tutulmayan verilişlərə baxır və bu, ciddi sosial-psixoloji problemlərə yol aça bilər,” – professor qeyd edib.
Ekspertlər: Uşaqları mediada qorumaq üçün hökumət, media və valideynlər birgə məsuliyyət daşıyır
Təhsil eksperti Kamran Əsədov bildirib ki, uşaqları media təsirlərindən qorumaq üçün valideynlərin və məktəblərin maarifləndirilməsi əsas həlldir.
Onun sözlərinə görə, bu məsələ yalnız bir qurumun deyil, koordinasiyalı hökumət siyasətinin nəticəsi olmalıdır. Əsədov televiziyalarda yaş göstəricilərinin tətbiqini və valideynlər üçün “ailə interneti” kimi nəzarət vasitələrinin genişləndirilməsini təklif edib.
Deputat Elçin Mirzəbəyli əlavə edib ki, yaş təsnifatı qanunvericilikdə dəqiq müəyyən olunub və bütün media resurslarına şamil edilir. Audiovizual Şura və Medianın İnkişafı Agentliyi bu sahəyə nəzarət edir və qanun pozuntularına görə sanksiyalar tətbiq etmək səlahiyyətinə malikdir.
Elm və Təhsil Nazirliyindən bildirlib ki, ümumitəhsil müəssisələrinin internetlə təminatı Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) vasitəsi ilə reallaşdırılır. Şəbəkə çərçivəsində veb-saytlar 30-a yaxın kateqoriya üzrə filtirasiyadan keçirilir, zərərli məzmun süzgəclənir və SPAM-ın qarşısı alınır. Bu səbəbdən təhsil müəssisəsi daxilində şəbəkəyə qoşulan istənilən avadanlıqda məzmun filtirlənir.
Nazirlik tərəfindən valideyn və şagirdlərin maarfiləndirilməsi istiqamətində video resurslar hazırlanaraq təqdim edilib. Ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti tərəfindən valideyn və şagirdlərlə bu istiqamətdə maarifləndirici görüşlər keçirilir.
Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, əgər verilişlərdə uşaqlar üçün xəbərdarlıq edilmirsə, bu, onların hüquqlarına etinasızlıq kimi dəyərləndirilə bilər.
O, media nümayəndələrinin peşə etikası və “Media və uşaq hüquqları” dərs vəsaitindən istifadə etməsini vacib sayıb.
Sorğulara cavab olaraq, bəzi telekanallar uşaqlara zərərli proqramlar yayımlamadıqlarını bildiriblər, yalnız ATV və ARB bu barədə sorğuya cavab verməyib.
“Media haqqında” Qanunun 4-cü maddəsində media sahəsində dövlətin vəzifələri vurğulanır. Bu vəzifələrdən biri də qanunun 4.1.3-cü maddəsində qeyd olunduğu kimi “istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq”dan ibarətdir. “Media haqqında” qanunda bu vəzifələrin icrası üçün hüquqi baza olaraq, “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanuna istinad olunur. Sözügedən qanunun 5-ci maddəsi “İnformasiya məhsulunun yaş təsnifatı” adlanır.
İnformasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:
“Universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur;
“6 yaşadək” – altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir;
“6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
“12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
“16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
“18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir”.
Beynəlxalq təcrübədə isə media uşaqları qorumaq üçün qanunvericilik, texniki nəzarət və maarifləndirmə vasitələri ilə tənzimlənir.
Məsələn, Almaniya telekanallarında zorakı məzmun yalnız saat 22:00-dan sonra yayımlanır, İngiltərədə “Ofcom” valideynlər üçün xüsusi filtr alətləri təqdim edir, Fransada isə media savadlılığı məktəb proqramına daxil edilib.
Gülnar Nazimqızı