Məktəblərdə Çin dilinin tədris olunmasını istəyirik - Nazir

Elm və Təhsil Nazirliyi məktəblərdə Çin dilini tətbiq etmək istəyir. Bu barədə trend elm və təhsil nazirinin çıxışına istinadən yazıb.
"Məktəblərdə Çin dili tədrisini tətbiq etmək istəyirik. Müəllimə işlədiyi saata görə əməkhaqqı verilmə sistemini məktəblərdə tətbiq etmək alınsa, bu həyata keçiriləcək", - nazir bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.
Bir neçə gün öncə Prezident İlham Əliyevin Çinə səfəri zamanı bir çox sahələrdə, eləcə də elm və texnologiyalar sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanıb.
Tərəflər tələbə mübadiləsinin davam etdirilməsi, Azərbaycanda Konfutsi İnstitutlarının inkişafı və hər iki ölkədə Azərbaycan və Çin dillərinin tədrisinin təşviqi barədə razılığa gəliblər.
Protokolda Azərbaycan və Çin arasında təhsil və elm sahəsində əməkdaşlıqda birgə universitetlərin yaradılması, müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi də nəzərdə tutulub.
Gülnar Nazimqızı