Dövlət sifarişi yerlərində rəqabət güclənir, bəzi ixtisaslara maraq azalır- DİM sədri

Bu il ali məktəblərdə dövlət sifarişi üzrə 78.400 plan yeri ayrılıb və bu yerlərə qəbul zamanı ciddi rəqabət müşahidə olunur. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, əsas rəqabət ali məktəblərin nüfuzlu ixtisaslarında və dövlət sifarişi ilə ayrılan yerlərdə cəmlənib.
“Hər il bu yerlərə keçid balları, xüsusilə də dövlət sifarişi əsasında təhsil alanlar üçün ödənişli yerlərlə müqayisədə daha yüksək olur,” – Abbaszadə bildirib.
Sədr qeyd edib ki, bəzi ödənişli ixtisaslarda da yüksək rəqabət formalaşır və bu, abituriyentlərin ixtisas və universitet seçimində fərqli meyarlarla hərəkət etdiyini göstərir.
O əlavə edib ki, bu il ali məktəblərə qəbulda müşahidə olunan rəqabət dinamikası əvvəlki illərlə müqayisədə dəyişib.
Qruplar üzrə rəqabət dəyişiklikləri
– 1-ci qrup üzrə rəqabət azalıb;
– 2-ci qrupda təxminən 4% artım qeydə alınıb;
– 3-cü qrup üzrə rəqabət 9% artıb;
– 4-cü qrupda isə rəqabət 7.5% artım göstərib;
– 5-ci qrupda da artım müşahidə olunub.
Abbaszadə bildirib ki, rəqabətin real mənzərəsi abituriyentlərin yekun nəticələri və ixtisas seçimləri yekunlaşdıqdan sonra tam bəlli olacaq.
“Kimlər ali məktəbə sənəd verib, amma təkcə bir universitet və bir ixtisası seçirsə, bu da seçim məntiqinə təsir edir,” – o vurğulayıb.
N.Təbrizli


