Pomidor əkmək adıyla istixanada 881 kq narkotik yetişdirib

Bakının Suraxanı rayonunda narkotik tərkibli bitkilərin aqrotexniki qaydada istixana şəraitində yetişdirilməsinə qarşı keçirilən xüsusi polis əməliyyatı nəticəsində 881 kiloqramdan artıq çətənə bitkisi müsadirə olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşları Maştağa qəsəbəsində yerləşən bağ sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə bağlı əməliyyat məlumatı əsasında hərəkətə keçib.
Əməliyyat zamanı 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Onun istifadəsində olan istixanada pomidor yetişdirilməsi adı altında 2 066 ədəd çətənə kolunun əkildiyi müəyyən edilib. Əməliyyat zamanı ümumilikdə 881 kiloqram 415 qram yaş halda çətənə bitkisi və 485 qram hazır marixuana aşkarlanaraq götürülüb.
İstintaq zamanı məlum olub ki, Həsənov çətənə bitkilərinin daha məhsuldar yetişməsi üçün xüsusi damla-suvarma sistemi quraşdırıb və narkotikləri satış məqsədilə becərib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs barəsində istintaq davam etdirilir, onun mümkün cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.