Azərbaycanda milli mətbuatın 150 illiyi qeyd olunur

Bu gün Azərbaycanda milli mətbuatın yaranmasının 150 illiyi qeyd olunur.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Cəmi 56 nömrəsi çıxan qəzet Azərbaycan dilində dərc olunan ilk milli demokratik mətbu orqanı sayılır.
Sonrakı dövrlərdə “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad” və “Molla Nəsrəddin” kimi nəşrlər “Əkinçi”nin maarifçi xəttini davam etdirib. Sovet dövründə mətbuat dövlət ideologiyasının daşıyıcısına çevrilsə də, 1990-cı illərdən başlayaraq Azərbaycanda media sahəsində liberallaşma baş verib.
1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. Hazırkı Prezident İlham Əliyev dövründə medianın maddi-texniki bazasının gücləndirilməsi və jurnalistlərin sosial rifahının artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı Azərbaycan həm döyüş, həm də informasiya sahəsində fəallıq göstərib.
Mətbuat Günü münasibətilə ölkədə jurnalistlərin peşə bayramı qeyd olunur.
Bir gün öncə ölkə prezidentinin sərəncamı ilə bir qrup jurnalist təltif olundu.
Gülnar Nazimqızı