"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun

Azərbaycanda “KFC” və “McDonald’s” restoran şəbəkələrinin adından saxta sosial şəbəkə elanları yayımlanır.
Elanlarda 59,74 manatlıq menyular cəmi 3,40 qəpiyə təklif olunur.
KFC şirkətinin Azərbaycandakı nümayəndəsi Asya Cəfərova bildirib ki, sosial şəbəkələrdə bu tip saxta kampaniyalar mütəmadi şəkildə paylaşılır. Onun sözlərinə görə, istifadəçilər bu elanlara daxil olduqda müxtəlif oyunlara yönləndirilir, şəxsi və bank kartı məlumatları tələb olunur.
“KFC yalnız rəsmi internet səhifəsi və təsdiqlənmiş sosial media hesabları vasitəsilə xidmət göstərir. Saxta linklərə daxil olmamaq və şəxsi məlumatları paylaşmamaq tövsiyə olunur”, —Cəfərova əlavə edib.
Kibertəhlükəsizlik üzrə ekspert İbrahim Əzizli xəbərdarlıq edib ki, bu kimi halların qarşısını almaq üçün istifadəçilər vebsaytların domen ünvanlarına diqqət etməlidirlər. Onun sözlərinə görə, fişinq məqsədilə yaradılmış saxta saytlar məşhur brendlərin adlarını təqlid edir və istifadəçilərin kart məlumatlarını ələ keçirməyə çalışır.
Ekspert əlavə edib ki, restoranlar məhsulları poçt vasitəsilə göndərmədiyi üçün bu üsul da saxtakarlığın göstəricisidir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, belə hallarla qarşılaşan vətəndaşlar DİN-in “102” Xidməti-Zəng mərkəzinə və ya qurumun rəsmi sosial media səhifələrinə məlumat verməlidirlər.
Azərbaycanda "KFC" 2012-ci ildə fəaliyyətə başlayıb. İlk McDonald's restoranı isə 1999-cu il Bakıda açılıb.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 