Dünyada 283 milyon uşaq təhsildən geri qalır - BMT rəsmisi

Bir çox ölkələr 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 4-cü məqsədinə – keyfiyyətli təhsilə nail ola bilməyəcək. Bu barədə BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Ofisinin rəhbəri Kanako Mabuçi Bakıda keçirilən "Azərbaycanın Dayanıqlı İnkişaf Naminə Təhsilə İnvestisiya" mövzusunda 7-ci DİM dialoqu forumunda bildirib.
Mabuçinin sözlərinə görə, BMT-nin 2025-ci il DİM hesabatına əsasən, hazırda 283 milyon uşaq təhsildən geri qalır, onların 78 milyonu ibtidai, 15 faizi orta, 31 faizi isə ali təhsildən yayınır.
Bundan əlavə, dünyada şagirdlərin 58 faizi riyaziyyatdan zəif nəticə göstərir.
O vurğulayıb ki, bu vəziyyətin əsas səbəbləri arasında münaqişələr, müharibələr və COVID-19 pandemiyasının fəsadları dayanır.
“Təhsilin keyfiyyətində ciddi fərqlər qalır, bir çox ölkələrdə məqsədlərə çatmaq üçün əlavə maliyyələşməyə və koordinasiyalı tədbirlərə ehtiyac var,” – Mabuçi qeyd edib.
BMT rəsmisi bildirib ki, bəzi ölkələrdə təhsillə bağlı məqsədli maliyyələşmə proqramları həyata keçirilir.
“Məsələn, Qazaxıstan və Özbəkistanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı sürətlə artıb. Bu cür təşəbbüslər Azərbaycanda da tətbiq oluna bilər,” – o əlavə edib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndi bütün uşaqlar üçün bərabər imkanlı, inklüziv və keyfiyyətli təhsil təmin edilməsini hədəfləyir. Lakin 2025-ci il hesabatı göstərir ki, təhsil bərabərsizliyi, xüsusən aşağı gəlirli ölkələrdə, pandemiyadan sonra daha da artıb.
Gülnar Nazimqızı