Astarada heyvanlar arasında dabaq xəstəliyi yayılıb

Astara rayonunda mal-qara arasında dabaq xəstəliyi yayılıb.
Xəstəlik əsasən rayonun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran kəndlərində və Ərçivan qəsəbəsində müşahidə olunur.
Kənd sakinlərinin sözlərinə görə, son 10 gün ərzində xəstəlik sürətlə yayılır, yoluxmuş heyvanların qızdırması 42 dərəcəyə çatır.
Qida Təhlükəsizliyi Agentliyindən(AQTA) "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qurum ölkədə və dünyada epizootik vəziyyəti diqqət mərkəzində saxlayır:
"Bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər icra edir. Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, diri və emal olunmuş heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunur".
Qeyd olunub ki, xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinqlər keçirilir:
"Fərdi və fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator sınaqları həyata keçirilir. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə toplanmış məlumatlar peyvəndləmə və digər profilaktik tədbirlərin görülməsi üçün yerli heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə göndərilir".