2026-cı ildən yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq — deputat

Azərbaycanda 2026-cı ildən etibarən yaşayış minimumu və ehtiyac meyarının 300 manat səviyyəsində müəyyənləşdirilməsi planlaşdırılır. Bu barədə deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yeni ehtiyac meyarı ünvanlı sosial yardım proqramı çərçivəsində həm aylıq yardım məbləğinin artmasına, həm də müraciət imkanlarının genişlənməsinə səbəb olacaq.
“Ehtiyac meyarının artırılması vətəndaşlarımızın aldığı yardımın gələn ildən yüksəlməsi ilə nəticələnəcək. Bundan əlavə, daha çox ailə bu yardıma müraciət edə biləcək,” — Bayramov qeyd edib.
Deputat izah edib ki, beş nəfərlik ailənin rəsmi aylıq gəliri 900 manat olduqda, bu il həmin ailə üçün ehtiyac meyarı 1425 manat (5×285 manat) təşkil edir və ailə aylıq 525 manat sosial yardım ala bilir. Yeni qaydalara əsasən, gələn ildən bu məbləğ 1500 manata (5×300 manat) yüksələcək və yardım 600 manata çatacaq.
Rəqəmlərə görə, hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Deputat bildirib ki, ehtiyac meyarının artırılması nəticəsində bu ailələrin əhəmiyyətli hissəsi gələn ildən artımlardan faydalanacaq.
Gülnar