Büdcə bölgüsü hələ də mərkəzyönümlü qalır - Deputatdan irad
Milli Məclisin deputatı Razi Nurullayev parlamentdə büdcə müzakirələri zamanı regionların sosial-iqtisadi vəziyyətinə dair tənqidi mövqeyini səsləndirib.
O bildirib ki, büdcə bölgüsü hələ də mərkəz yönümlü olaraq qalır və bu, ölkənin balanslı inkişaf modelinə mane olur.
Deputatın sözlərinə görə, regionlarda demoqrafik boşalma sürətlənir, işsizlik problemi struktur səviyyədə həll olunmur, ayrılan vəsaitlər “strateji sektorların dirçəldilməsi” əvəzinə əsasən estetik və görünüş yönümlü layihələrə sərf olunur.
Razi Nurullayev qeyd edib ki, bu tendensiya uzunmüddətli baxışdan uzaqdır.
“Bu, strateji yanaşma deyil. Regionlar iqtisadiyyatın sütunudur. Onların real inkişafı olmadan qeyri-neft sektorunda dayanıqlı artımdan danışmaq mümkün deyil.”
Deputat həmçinin regionların iqtisadi idarəçilikdə mərkəzdən asılı vəziyyətə salınmasının inkişafın tempini ləngitdiyini bildirib.
“Regionlar iqtisadi sərbəstliyə malik olmalıdır. Nə qədər ki, idarəçilik tam mərkəzdə cəmlənəcək, regionlar istədiyimiz səviyyəyə yüksəlməyəcək", - o əlavə edib.
Gülnar Nazimqızı