Deputat AFFA-nı tənqid edib - Məsuliyyət daşıyır
Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin iclasında Gəncə futbolunun vəziyyəti ilə bağlı çıxış edərək həm təşəkkür, həm də ciddi narazılığını səsləndirib.
O, ilk olaraq Gəncə şəhər stadionunun qısa müddətdə yenidən qurulmasına görə Prezidentə gəncəli futbolsevərlər adından minnətdarlığını bildirib. Stadionun 3-cü MDB Oyunları öncəsi istifadəyə verilməsi xüsusi vurğulanıb.
Deputat daha sonra Kəpəz PFK-nın Premyer Liqadakı acınacaqlı vəziyyətini gündəmə gətirib.
Yeni və beynəlxalq standartlara uyğun stadion istifadədədir, FİFA və UEFA dəstəyi ilə inşa olunmuş, ölkənin ən müasir futbol akademiyası Gəncədə fəaliyyət göstərir, komandanın ixtiyarında üç məşq stadionu var, lakin bu infrastrukturun fonunda Kəpəz Premyer Liqada sonuncu yerdə qərarlaşıb.
Müşfiq Cəfərov məsuliyyəti birbaşa AFFA rəhbərliyinin üzərinə qoyub.
“AFFA rəhbərliyinə səslənirəm. Komandanın başında duran adamlar sponsor adı ilə gəldilər, amma ortada heç bir real sponsorluq yoxdur. Nəticələr də göz önündədir", - o bildirib.
Deputat bildirib ki, bu vəziyyət həm Gəncə ictimaiyyətini, həm də Kəpəz azarkeşlərini ciddi narahat edir.
“Belə infrastruktura sahib olan bir komandanın liqada qalmaq uğrunda mübarizə aparması qəbulolunan deyil", - deputat vurğulayıb.
O, AFFA-nı mövcud imkanları düzgün qiymətləndirməyə çağırıb və ümid etdiyini bildirib ki, qurum deputatın bu çağırışına biganə qalmayacaq.
Gülnar Nazimqızı