Nazirlik 2 rayondahəssas vətəndaşlar üçün fərdi ev və ya çoxmənzilli bina tikmək işini dayandırıb - Deputat
Milli Məclisin deputatı Vasif Qafarlı parlamentin iclasında mənzil növbəsində olan həssas təbəqələrin vəziyyətini gündəmə gətirərək xüsusilə Lerik və Astara rayonlarında yaranan durumu “kritik” adlandırıb.
Deputat bildirib ki, Lerik rayonunda indiyə qədər 102 şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin olunub, lakin proses son illər faktiki olaraq dayanıb. Hazırda 282 nəfər həssas kateqoriyadan olan vətəndaş mənzil növbəsindədir.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son illər fərdi ev və çoxmənzilli tikililərin inşasını dayandırıb və yalnız hazır evlərin satın alınması mexanizmi ilə işləyir. Lakin deputat vurğulayıb ki, Lerik və Astara kəndlərində satışda hazır evlər yoxdur, nazirliyin “kvadrat hesabı ilə mənzil alınması” yanaşması səbəbindən sahibkarlar yeni çoxmənzilli binaların tikintisində maraqlı deyillər, regionlarda mənzil təklifi az olduğu üçün növbədə gözləyənlərin problemi struktur şəkildə yığılır.
Vasif Qafarlı çıxışında iki alternativ həll yolu təklif edib.
Nazirlik tərəfindən yenidən çoxmənzilli binalar və fərdi evlərin tikintisinin bərpası, şəhid ailələri və müharibə əlillərinə ayrılan vəsaitin birbaşa həmin vətəndaşlara verilməsi, onların isə bu vəsait hesabına istədikləri yerdə ev tikməsi və ya mənzil alması.
Deputat bildirib ki, hazırkı mexanizm regionlarda işləmədiyi üçün proses dayanıb və “növbədə gözləyən insanların problemi illərlə həll olunmamış qalır”.
Gülnar Nazimqızı