Deputat dərmanların istifadə təlimatlarının çətin olmasını tənqid edib
Milli Məclisin “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aran (Səyyad Salahlı) ölkədə satılan dərmanların təlimat vərəqlərindəki izahatların həddindən artıq mürəkkəb olduğunu bildirib.
Deputatın sözlərinə görə, seçiciləri ona dərman qutularında yerləşdirilən təlimatların həddindən artıq uzun və çətin başa düşülən olması ilə bağlı müraciətlər ediblər. O qeyd edib ki, bu məlumatlar xüsusilə yaşlı və orta yaşlı şəxslər üçün anlaşılmaz olur.
Aran apteklərdə dərman alan insanların çox zaman istifadə qaydasını işçilərdən izah etməyi xahiş etdiyini vurğulayıb.
“Aptekdə çalışan gənclərə deyirlər ki, yazın, dərman gündə neçə dəfə qəbul olunmalıdır, yeməkdən əvvəl, yoxsa sonra. Çünki təlimatlarda həddindən artıq detallı və çətin dil işlədilir", - o bildirib.
Deputat əlavə edib ki, xəstələrin psixoloji vəziyyəti onsuz da gərgindir və mürəkkəb terminologiyanın onların dərmanı düzgün qəbul etməsini çətinləşdirdiyini bildirib. O, dərmanların təlimatlandırılmasının sadələşdirilməsi üçün məsələni aidiyyəti qurumların diqqətinə çatdırıb.
Gülnar Nazimqızı