Əsədov Türk Dövlətləri Təşkilatı nazirləri ilə əmək və sosial müdafiə əməkdaşlığını müzakirə edib
Baş nazir Əli Əsədov bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə TDT üzv dövlətləri arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğu vurğulanıb. Azərbaycanın sədrliyi çərçivəsində təşkilatın inkişafının davam edəcəyi və beynəlxalq nüfuzunun artacağı qeyd olunub.
Əsədov Azərbaycanın əmək və məşğulluq siyasəti, aparılan sosial islahatlar və innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Görüşdə həmçinin TDT üzv dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.