Qəsdən adam öldürmədə ittiham olunan şəxsAzərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş şəxslərdən biri, qəsdən adam öldürmə (CM 120.2.5 — tamah məqsədilə və ya sifarişlə) ittihamı ilə axtarılan Ukrayna vətəndaşı Samik Babayev Almaniyadan Azərbaycana ekstradisiya edilib. Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, Babayevin yeri Almaniya Federativ Respublikasında müəyyən olunaraq saxlanılıb. Baş Prokurorluğun ekstradisiya sorğusunun və tələb olunan beynəlxalq sənədlərin təqdim olunmasından sonra Almaniya tərəfi təhvil verməyə razılıq verib.
Şəxs Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmət əməkdaşları tərəfindən Bakıya gətirilib və Bakı İstintaq Təcridxanasına yerləşdirilib.