Azərbaycanda respirator infeksiyaların yayılması mövsümi olaraq artıb - SN
Azərbaycanda havaların soyuması fonunda kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə qurumları bunu hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi ilə əlaqələndirir.
Məlumata görə, əhali arasında ən çox yüksək hərarət, öskürək, boğaz ağrısı və ümumi halsızlıqla müşayiət olunan respirator infeksiyalar qeydə alınır. Yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar risk qrupuna daxildir və bu şəxslərdə xəstəlik daha ağır fəsadlara səbəb ola bilər.
Səhiyyə Nazirliyi profilaktik tədbirlərin gücləndirildiyini, qrip əleyhinə “Sanofi Pasteur” (Fransa) istehsalı olan vaksinlərin ölkəyə gətirildiyini bildirib. Nazirliyin məlumatına görə, peyvənd xəstəliyin ağır keçməsinin və ağırlaşmaların qarşısının alınmasında effektiv vasitədir.
Nazirlik vətəndaşlara şəxsi gigiyenaya riayət etməyi, qapalı məkanlarda tibbi maskalardan istifadə etməyi və xəstəlik əlamətləri olduqda həkimə müraciət etməyi tövsiyə edib. Qeyd olunub ki, qripə qarşı vaksinasiya dövlət tibb müəssisələrində əhali üçün ödənişsiz aparılır.
Gülnar