Azərbaycanda amnistiya aktının icrasına başlanılıb
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən amnistiya aktının icrasına Azərbaycanda başlanılıb. Amnistiyanın icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində həyata keçirilir.
Amnistiya aktının elan edilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və Milli Məclis tərəfindən təsdiqlənib.
Sənəd Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərə və onların yaxın qohumlarına, həmçinin qadınlara, 60 yaşdan yuxarı şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər kateqoriyalara şamil edilir.
Amnistiyaya əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin bir hissəsi cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Bu amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına görə ölkə tarixində ən genişmiqyaslı amnistiya olacağı gözlənilir. Ümumilikdə 20 mindən çox şəxsin amnistiyadan yararlanacağı, o cümlədən 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, 3 mindən artıq şəxsin cəzasının azaldılacağı proqnozlaşdırılır.
Aytac