Nazir:Olimpiya Komplekslərinin təmiri və üzmə layihələri davam edir
Demək olar ki, bütün rayonlarda Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Bunu Gənclər və idman naziri Fərid Qayıbov report-a müsahibəsində bildirib.
Nazir qeyd edib ki, bu komplekslərin bəziləri uzun illər əvvəl tikilib və müasir standartlara uyğun əsaslı təmirə ehtiyac duyur.
“III MDB Oyunları bu təmir işləri üçün yaxşı fürsət oldu. Bir çox komplekslər əsaslı şəkildə yeniləndi. Növbəti illərdə mərhələli şəkildə digər komplekslərin təmiri də davam edəcək,” — nazir əlavə edib.
Hovuzların bütün Olimpiya Komplekslərində işlədiyini bildirən F.Qayıbov qeyd edib ki, qış aylarında əhali hovuzlara az gəlir və bunun üçün intensiv təşviqat işləri aparılır.
Nazir üzgüçülük sahəsində iki əsas layihədən də danışıb.
"Birincisi, yaxınlarda keçirilən tədbirdə Azərbaycanın bütün hovuzlarında eyni gündə üzgüçülük seansları təşkil olunub. Bu layihə peşəkarlar üçün deyil, idmanı sevənlər üçün nəzərdə tutulub və qardaş Türkiyədən də iştirakçılar qatılıb. İkinci layihə isə məktəblərdə 4 həftəlik üzmə proqramını əhatə edir. Bu proqramla uşaqlar düzgün üzməyi öyrənirlər. Məqsədimiz bir neçə ildən sonra Azərbaycan məktəblilərinin üzmə bacarıqlarını artırmaqdır. İlk mərhələdə bunu ən azı 20 faizə çatdırmağı hədəfləyirik,” — Qayıbov vurğulayıb.
Nazir həmçinin Elm və Təhsil Nazirliyinə dəstəyi üçün təşəkkürünü bildirib.
Gülnar
Son xəbərlər
Daha çox